Leyla Əliyeva “Yeddi gözəl”i izlədi (FOTOLAR)

Leyla Əliyeva “Yeddi gözəl”i izlədi (FOTOLAR)
Noyabrın 20-də Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində "Yeddi gözəl” sərgisi açılıb.

Ann.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə keçirilir.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib : "Bu gün biz "Yeddi gözəl” sərgisinin açılışını edirik. Sərginin konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin poeması və dünya şöhrətli bəstəkar Qara Qarayevin baleti əsasında qurulub. Bu gün siz miniatürləri, xalçaları və zinət əşyalarını görə biləcəksiniz. Ekspozisiya, həmçinin Azərbaycan klassik musiqisi, klassik rəqslər və müasir incəsənət elementləri ilə zənginləşdirilib. Sərgiyə gələn tamaşaçılar yeddi gözəl və Bəhram şah əfsanəsinin sehrinə dalacaqlar. "Yeddi gözəl” poeması Şərq poeziyasının ən yaxşı nümunələrindən biridir. Poemanın dərinliyi, fəlsəfi aləmi xalçalar, kitab miniatürləri proyeksiyaları, dekorativ tətbiqi sənət nümunələri və instalyasiyalar vasitəsilə təqdim olunur. "Yeddi gözəl” baletinə həsr olunmuş və bu gün tamaşaçılara təqdim olunan arxiv materialları çox qiymətli tarixi arayışlardır. Bu gün siz qədim afişalar, baletin proqramları, fotoşəkillər vasitəsilə informasiya əldə edə bilərsiniz. "Yeddi gözəl” sərgisinin açılışı olduqca əhəmiyyətlidir. Çünki dahi Nizaminin əsərləri Azərbaycan ədəbiyyatının böyük bir dövrünü əhatə edir.

Əziz dostlar, müddətsiz yaradıcılıq göylərin bizə göndərdiyi nemətdir. O, insana daha da yaxşı olmaqda, öz qəlbinin dərinliklərinə varmaqda və ən ali qüvvə olan sevgini özü üçün açmaqda kömək edir.

Mən bu imkanı yaratdığına görə Yelena Titovaya təşəkkürümü bildirmək istəyirəm. Sərgi üzərində işləyən hər kəsə təşəkkür edirəm. Bu gün bizimlə olduğunuz üçün hamınıza minnətdaram”.

Qeyd edək ki, sərginin ekspozisiyasının konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl” poeması və Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin eyniadlı baleti əsasında qurulub. Layihədə Azərbaycan mədəniyyəti xalça, zərgərlik və miniatür sənəti, müasir incəsənət, klassik musiqi və rəqsin sintezində təqdim olunur.

Ekspozisiya Heydər Əliyev Fondu, Azərbaycan Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatlarından ibarətdir. Sərgi məkanı ziyarətçini Bəhram şah və yeddi gözəl haqqında əfsanəyə aparır. Azərbaycan mədəniyyətində mühüm rol oynayan bu ədəbi əsərin fəlsəfi aləmi xalça, kitab miniatürləri proyeksiyası, dekorativ-tətbiqi sənət əşyaları və instalyasiyalar vasitəsilə canlandırılır.

Sərgidə nümayiş olunan "Miniatür” instalyasiyasını Azərbaycan rəssamı Rəşad Ələkbərov XVI əsrə aid "Kitab oxuyan gənc” Təbriz miniatürü əsasında yaradıb. Kompozisiyanın ideyası hər bir ziyarətçini qədim nağıl və əfsanələr aləminə aparan illüziya portalının yaradılması üzərində qurulub. Burada tamaşaçıların gözü önündə Nizaminin poeması canlanır. "Kitab oxuyan gənc” miniatürünü I Şah Təhmasib dövründə səfəvi rəngkarlığının zirvəsi sayılan Sultan Məhəmmədin yaratdığı bildirilir və bu əsər Parisdə V.Veverin kolleksiyasında qorunur.

Qara Qarayevin Nizami Gəncəvinin poeması əsasında yazdığı "Yeddi gözəl” baletindən səhnələr, həmçinin həmin tamaşaya aid arxiv materialları da sərginin ekspozisiyasına daxildir. Ziyarətçi burada özünü balet məkanında görür: onu Nizami qəhrəmanlarını canlandıran balerinalar əhatə edir.

Sərgi 2019-cu il fevralın 3-dək davam edəcək.
 










www.ann.az

Лента новостей

Digər xəbərlər