Zaur Darabzadə: “Pandemiya dövründə dövlətimizin çağırışına qoşularaq 2 500 ailəni Dəstək Qutusu ilə sevindirdik” (VİDEO)

Zaur Darabzadə: “Pandemiya dövründə dövlətimizin çağırışına qoşularaq 2 500 ailəni Dəstək Qutusu ilə sevindirdik” (VİDEO)
Çoxsaylı uğurlu layihələrin rəhbəri Zaur Darabzadənin "Report"a müsahibəsi

- Zaur bəy, son bir neçə ay ərzində sizin "Dəstək Qutu”su layihəniz böyük ajiotaj yaradıb. Bu layihə haqqında məlumat verərdiniz.

- Bu layihəyə maraq göstərdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. İlk olaraq biz dostlarla birlikdə 100 ehtiyacı olan ailəyə ərzaq yardımı etməyi qarşımıza məqsəd qoyduq və vaxt itirmədən işə başladıq. Sevindirici haldır ki, tanışların da bizə dəstəyi ilə çox qısa zamanda istəyimizə çatdıq və bu ərəfədə bizə olan yüzlərlə müraciəti nəzərə alaraq hədəfimizi 1 000 ailə müəyyən etdik. Bununla da "Dəstək Qutusu” layihəsinə başladıq. Layihə müddətində bizə bir çox şirkətlər yardım etmək üçün müraciət edirdilər və biz hədəfə çatdıqdan sonra fiziki şəxslərdən ianələrin qəbulunu dayandırdıq. Əlavə olaraq, 1 500 ailəni müxtəlif şirkətlərin dəstəyi ilə "Dəstək Qutusu” ilə sevindirdik. Beləliklə, ümumi olaraq pandemiya dövründə Cənab Prezidentin çağırışına qoşularaq 2500 ailəyə yardım etdik. Hər ailədə orta hesabla 3-4 nəfər olduğunu nəzərə alsaq, ümumilikdə, təxminən 10 000 ehtiyacı olan həmvətənimiz bu sosial kampaniyadan faydalandı.

Dünyanı bürümüş koronavirus pandemiyasının respublikamızda yayılmasının qarşısının alınması istiqamətində görülən bütün tədbirlər təqdirə layiqdir. Ölkə rəhbərliyinin vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirləri nəticəsində hazırda ölkəmizdə koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də öz vətəndaşının sağlamlığını qorumaq və pandemiyanın yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Bu çətin dönəmdə əhalinin müxtəlif təbəqələrindən olan insanlar "Biz Birlikdə Güclüyük” şüarı altında birləşərək öz həmrəyliklərini nümayiş etdirdilər. Əminəm ki, Azərbaycan bu çətin sınaqdan üzüağ çıxacaq.

 

- Bu sosial layihəni öz şəxsi adınızdan edirsiniz, yoxsa hansısa təşkilat formasında yaradılıb?

- Hazırda biz komandamızla bu kampaniyanı "Dəstək Qutusu" layihəsi adından edirik. Əlavə olaraq qeyd etmək istəyirəm ki, bu ilin əvvəlində biz "Dəyər ver” İctimai Birliyini yaratmaq barədə təşəbbüsümüzü ictimaiyyətə açıqladıq. Lakin hazırda dünyada və eləcə də ölkəmizdə baş verən məlum səbəblərdən bu planımızı müəyyən müddətə təxirə salmışıq. Ona görə bu sadəcə komandamızın, dostların və ölkə vətəndaşlarına bu çətin vaxtda dəstək olmaq istəyən xeyirxah həmvətənlərimizin dəstəyi ilə keçirilən bir kampaniyadır.

- Komandamız deyəndə kimləri nəzərdə tutursunuz? Dediyiniz komandanın Milli Məclisə keçirilən son seçkilərdə iştirakınızla hər hansı bağlılığı varmı?

- Bəli, məhz bu dostlardan ibarət peşəkar komanda ilə Milli Məclisə namizədliyim dövründə birgə çalışmışdıq. Seçkilərdən sonra komandamızla qərara gəldik ki, nəticədən asılı olmayaraq biz işlərimizi davam etdirməliyik və dövlətimizə, xalqımıza, Vətənimizə faydalı olmağa çalışmalıyıq. "Dəstək Qutusu” layihəsi məhz həmin qərarımızın ilkin nəticəsidir.
 

- Zaur bəy, "Dəstək Qutusu" layihəsindən xəbəri olmayan birinə layihəni qısaca necə izah edərdiniz?

- Biz ehtiyacı olan insanların müraciətlərini qəbul edib təyin etdiyimiz tələblərə uyğun sıralama tərtib edirdik. Digər tərəfdən, dəstək olmaq istəyən insanlar bizim verdiyimiz hesaba ianələr köçürürdü. İanə istənilən məbləğdə ola bilərdi. Toplanan vəsaitdən dəyəri 30 manat olan və 17 çeşiddə zəruri ərzaq məhsulları daxil etdiyimiz "Dəstək Qutusu” hazırlayaraq ehtiyacı olanlara çatdırırdıq.

- Belə başa düşdüm ki, layihə müəyyən etdiyiniz hədəfə çatıb, bəs növbəti addımınız nə olacaq?

- Qəbul olunan müraciətlərin çox olması səbəbindən və heç bir müraciətin diqqətsiz qalmaması məqsədi ilə "Dəstək Qutusu”nu yeni formatda davam edirik. Çalışdığımız yeni üslub ondan ibarətdir ki, hesabımıza pul şəklində ianə qəbulu tam dayandırılıb, artıq şirkətlər və fiziki şəxslər istədikləri sayda qutu alaraq ehtiyacı olan şəxslərə dəstək ola biləcək. "Dəstək Qutuları”nın hazırlanması, tələb olunduqda ehtiyacı olan şəxslərin müəyyən olunması və qutuların onlara çatdırılması həyata keçirilir.

Təqdim etdiyimiz "Dəstək Qutusu”nun daha əlçatan olması məqsədilə artıq "Rahat” supermarketlər şəbəkəsi ilə razılıq əldə olunub. İanə etmək istəyən şirkətlər, eləcə də sıravi vətəndaşlar "Rahat” supermarketlərindən bu "Dəstək Qutusu”nu alıb ehtiyacı olan şəxslərə yardım edə bilər.

Bundan sonra bizim əsas məqsədimiz odur ki, bu xeyirxah layihəmiz avtomatlaşdırılmış şəkildə davam etsin. Artıq istənilən şəxs və ya şirkət www.destekqutusu.az saytına daxil olmaqla biri 30 manat dəyərində olan "Dəstək Qutusu”nu ala və ehtiyacı olan şəxslərə dəstək ola bilər. Təqdim olunan saytda qutu almaqla dəstək olmaq istəyən şəxslərə seçim verilir. Birincisi odur ki, aldığı qutunu "Rahat" supermarketlər şəbəkəsinə özü gedərək götürür, ikinci seçimlə ianə edən şəxs qutunu məhz kimə göndərməyi öz istəyinə uyğun olaraq qeyd edir və kuryer şirkəti çatdırmanı yerinə yetirir. Üçüncü seçimdə isə saytdan "Dəstək Qutusu” almış şəxs kimə yardım edilməsini və çatdırılmanı bu sosial layihəyə həvalə edir.

 

- Bəs ehtiyacı olan ailələri necə müəyyən edirsiniz?

- Bu layihəyə başladığımız tarixdən bizim əlaqə nömrəmizə, sosial şəbəkələrdəki səhifəmizə və komanda üzvlərimizə çoxsaylı müraciətlər qəbul olunub. Müraciətlər müəyyən etdiyimiz tələblərə uyğun olaraq seçilib dəstək olunurdu. Bundan sonra isə ehtiyacı olan aztəminatlı ailələrin siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınacaq.


- Qeyd etdiyiniz "Dəyər ver” İctimai Birliyi yaranandan sonra hansı sahələrdə fəaliyyət göstərməyi planlaşdırırsınız?

- Fərqli sahələri əhatə etmək fikrindəyik - bu, fəal gənclərə, startaplara dəstək olacaq. Elm, mədəniyyət və təhsil sahələrində də çalışmağı planlaşdırırıq. Böyük biznesin və gəncliyin arasında körpü olmağa çalışacağıq. Bəzi sosial lahiyələr də plandadır.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti