"Yeni dəmir yolu xətlərinin çəkilməsi turizmdə ciddi iqtisadi səmərə yaradacaq"

Azərbaycanda turizm potensialının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Bunlardan biri Qəbələyə və Qusara dəmir yolu xətlərinin çəkilməsidir. Son məlumatlara görə, Ləki stansiyası - Qəbələ birxətli dəmir yolunun tikinti-quraşdırma işlərinin 70%-i tamamlanıb. Ümumilikdə dəmir yolu xəttinin torpaq yatağının 98%-i və 23.24 km dəmir yolunun üst quruluşu üzrə tikinti-quraşdırma işləri yekunlaşıb.

Ümumiyyətlə, iri turizm obyektlərinə dəmir yolu xətlərinin çəkilməsinin bu sektor üçün iqtisadi effekti olacaqmı?

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, Qusar və Qəbələ dəmir yolu xəttinin çəkilməsi turizmin inkişafı baxımından əhəmiyyətlidir.

O deyib ki, qatar turizmi Azərbaycanda bir o qədər də inkişaf etməyib: "Lakin bu növ turizmin bizə yad olmasını da demək olmaz. Keçmiş sovet dövründə qatarla müxtəlif turlar var idi. İnsanlar Bakıdan Moskvaya, Sankt-Peterburqa (Leninqrad) və ya daha uzaq şəhərlərə səyahət edirdilər. Qatar turizmi bəzi hallarda oteldən istifadə etmədən turizm səfərlərinə çıxmaq imkanı verirdi. Proqram elə qurulurdu ki, turistlər üçün çatdıqları məkanda ekskursiya təşkil edilirdi və asudə vaxtlarını səmərəli keçirirdilər. Axşam isə növbəti gün digər bir şəhəri ziyarət etmək üçün yenidən qatarla yola çıxırdılar".

Onun sözlərinə görə, sevindirici haldır ki, qatar turizminin müəyyən elementlərini mövcud olan xətlərdə görə bilirik: "Bakı-Gəncə sürət qatarından istifadə etməklə dəfələrlə ezamiyyətlərdə olmuşam və səyahət zamanı bel çantası ilə səyahət edən gənc və orta yaşlı insanlar daim diqqətimi cəlb edir. Bu gün Qusar və Qəbələ turizm sektorunun gəlirlərinin formalaşmasında əhəmiyyətli rola malikdir. Burada turistlər arasında populyar olan Şahdağ və Tufandağ xizək kurortları yerləşir. Həmin ərazilərə dəmir yolu xəttinin çəkilməsi turizmin inkişafı baxımından birmənalı şəkildə əhəmiyyətlidir. Çünki dəmiryolu nəqliyyatı avtomobil və hava nəqliyyatından daha ucuz hesab olunduğundan, turların qiymətini aşağı sala bilər. Bu da öz növbəsində əlavə turistlərin cəlb olunmasını təmin edəcək".

S.Dübəndinin fikrincə, bu effekti daha da artırmaq üçün əlavə tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.



Ekspert vurğulayıb ki, bu, ilk növbədə daha aztəminatlı turistlərin cəlb edilməsindən ibarətdir: "Belə ki, xizək turizmi bütövlükdə bir qədər bahalı olur. Yəni bu gün az büdcə ilə səfərə çıxmaq istəyən Azərbaycan və ya xarici vətəndaş həmin o məkanlara gedərkən daha çox pul xərcləmək məcburiyyətində qalır. Bu, oradakı otellərdə, iaşə obyektlərində qiymətlərin yüksək olması ilə əlaqədardır. Bunun üzərinə xüsusi qeyimin və ləvazimatların kirayələnməsini də gəlsək, kifayət qədər bahalı səyahətə çevrilir".

"Hesab edirəm ki, burada alternativlərin olması mütləqdir. Belə ki, həmin dağ xizək kurortlarının ətrafında pansionatlar və qonaq evləri inşa etmək lazımdır. Eyni zamanda, bu ərazilərdə turistlərin daha çox qalması üçün əlavə turizm xidmətləri təklif edilməlidir. Bura ekoloji və açıq səma altında olan turizm fəaliyyəti daxildir. Bu turizm növərinə qatılmaq istəyənlərin sayı bu gün artmaqdadır və bu, dünya trendidir. Qeyd edilənlərin təmin olunacağı təqdirdə ölkəyə əlavə turistlər gələcək və dəmir yolu burada əhəmiyyətli rol oynayacaq",- ekspert diqqətə çatdırıb.

Assosiasiya sədri dəmir yolu xəttinin Qusar və Qəbələ ilə məhdudlaşmamasının vacibliyini söyləyib: "Qəbələyə çəkilən dəmir yolu Gəncə istiqamətində uzanaraq Gürcüstan sərhəddinə çata bilər. Bununla biz turistlərin mübadiləsini təmin edəcəyik. Qusardan isə dəmir yolu Samur-Dəvəçi kanalı üzərindən keçməklə Rusiyayadək uzana bilər. Bu da öz növbəsində Rusiyadan Azərbaycana və bizdən ora turistlərin hərəkətini asanlaşdıra bilər”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti