Xocalı faciəsi qurbanlarının xatirəsi Sidneydə də anılıb (FOTOLAR)

Xocalı faciəsi qurbanlarının xatirəsi Sidneydə də anılıb (FOTOLAR)
Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliyanın Sidney şəhərində də anılıb.

AZƏRTAC xəbər verir ki, Sidneydəki Azərbaycan icmasının üzvləri və Azərbaycanın Avstraliyadakı səfirliyi tərəfindən təşkil edilən tədbirə parlamentin deputatları, ictimai xadimlər, media təmsilçiləri, Sidneydə yaşayan həmyerlilərimiz və türk icmasının nümayəndələri qatılıblar.

Tədbirdə Milli Məclisin deputatları - Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də iştirak ediblər.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra Xocalı soyqırımı haqqında Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən film nümayiş etdirilib.  

Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı faciəsi barədə ətraflı məlumat verib. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi barədə danışan E.Həbibzadə qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı faciəsi münaqişə dövründə törədilən ən böyük cinayətdir. Bildirib ki, dünyanın bir çox ölkələri, eyni zamanda ABŞ-ın bir neçə ştatı Xocalı faciəsinə hüquqi-siyasi qiymət verərək onu soyqırım kimi tanıyıb. E.Həbibzadə Avstraliyanın federal və ştat parlamentlərinin də bu faciəyə hüquqi-siyasi qiymət verməsinin vacibliyini vurğulayıb və onları tezliklə bu addımı atmağa çağırıb. Azərbaycan ərazilərinin hələ də işğal altında saxlanıldığını xatırladan diplomatımız, Xocalıda törədilmiş qətliamın yalnız Azəraycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu vurğulayıb. Müvəqqəti işlər vəkili Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini ölkəmizin beynəlxalq səviyyədə qəbul edilən sərhədləri çərçivəsində tanıdığına görə Avstraliya hökumətinə minnətdarlığını ifadə edib.  

Milli Məclisin üzvü Asim Mollazadə Xocalı faciəsi haqqında danışaraq, dinc əhaliyə, xüsusilə də uşaqlara, yaşlılara və qadınlara qarşı amansız şəkildə icra edilmiş bu cinayəti törədənlərin beynəlxalq səviyyədə pislənilməsinin vacibliyini bildirib. Qeyd edib ki, bu proses Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” kampaniyasının tərkib hissəsidir. Bildirib ki, milli və dini əlaəmətlərinə görə insanların qətlə yetirilməsi müsir dövrdə yolverilməzdir. Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarını qeyd-şərtsiz tərk etməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd məlum qətnaməni xatırladan A.Mollazadə, bütün beynəlxlaq ictimaiyyəti həmin qətnamələrin yerinə yetirilməsi üçün səyləri birləşdirməyə çağırıb.

Toplantıda çıxış edən Avstraliya Federal parlamnetinin üzvü Krek Kelli bildirib ki, Xocalıda baş vermiş faciə və dütün dünyada törədilən buna bənzər hadisələr heç vaxt unudulmamalı və zaman-zaman xatırlanmalıdır. Azərbaycana bir neçə dəfə səfər etdiyini xatırladan K.Kelli ölkəmizin qazandığı uğurları, sürətli və dinamik inkişafı barədə də məlumat verib. Vurğulayıb ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri üçün onların dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bərabər səviyyəli şərait yaradılıb. Bu təcrübənin əhəmiyyətini qeyd edən K.Kelli ölkəmizi digər dövlətlərə nümunə kimi göstərib. Bildirib ki, o, həmişə Azərbaycanın haqq işini dəstəkləməyə hazırdı.    

Türkiyənin Sidneydəki baş konsulu Melih Karalar çıxış edərək, qardaş türk xalqının daim doğma Azərbaycanın yanında olduğunu və kədərimizə şərik olduğunu bildirib. Qeyd edib ki, Xocalıda törədilən faciə bütün dünyada yaşayan insanlara çatdırılmal və onu törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Baş konsul belə hadisələrin gəlcəkdə bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətinin əlbir olmasının vacibliyini vurğulayıb.  

Tədbirdə çıxış edən Sidneydəki Azərbaycan icmasının nümayəndələri Nizami Cəfərov, Mikayıl Oyta və Şəmsəddin Nicati Xocalı faciəsi ilə bağlı xalqımızın kədərini bölüşdüklərini bildiriblər. Xocalı faciəsini Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri kimi dəyərləndirən natiqlər, bu qanın yerdə qalmayacağını, Azərbaycanın işğal altında olan torpaqlarının tezliklə azad ediləcəyinə əminliklərini ifadə ediblər. Azərbaycan həqiqətlərinin Avstraliya uctumaiyyətinə çatdırılması ilə əlaqədar icma üzvlərinin birgə fəaliyyət göstərməsinin vacibliyi də vurğulanıb.   

Çıxış edənlərin hamısı tərəfindən bildirilib ki, Xocalı soyqırımını törədənlər beynəlxalq hərbi tribunal qarşısında cavab verməli və layiq olduqları cəzanı almalıdırlar.
 








www.ann.az

Xəbər lenti