“Xarabalıqlar eksponat kimi saxlanılsın, yeni bir Ağdam tikilsin” - Əli Cəfərov

“Xarabalıqlar eksponat kimi saxlanılsın, yeni bir Ağdam tikilsin” - Əli Cəfərov
Demokratik İslahatlar Partiyasının (DİP) təmsilçisi Əli Cəfərov Qarabağda Azərbaycan ordusunun parlaq qələbəsi, eləcə də Qarabağda Azərbaycan-Türkiyə-Rusiya nəzarət mexanizminin analizi kontekstində baş verənlərə münasibət bildirib. 

DİP funksionerinin Qaynarinfo-ya bildirdiyinə görə, rəşadətli Azərbaycan ordusunun qələbəsi nəticəsində 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımızın işğaldan azad olunması bütün xalqımız kimi onu da sevindirir: "27-30 il arası bir intervalda biz bu günü həsrətlə gözləmişik. Ali Baş Komandanın rəhbərliyi altında ordumuz bu torpaqları işğaldan azad etməklə bizim qürur mənbəyimiz, mənəviyyatımız, əxlaqımız olan Qarabağın, onun baş tacı Şuşa ilə birlikdə yeddi rayonumuzun, digər tarixi torpaqlarımızın azad edilməsi bizdə böyük ruh yüksəkliyi yaratmışdır. Bundan sonra bizlər üzüağ, alnıaçıq həyatımızı davam etdirəcəyik. Çünki bu torpaqların azadlığı ilə biz bir millət olaraq öz milli kimliyimizi bütün dünyaya sübut edə bildik”. 

Daha sonra Ə.Cəfərov qeyd edib ki, ermənilər heç 90-cı illərdə də bizim torpaqlarımızı işğal etmək iqtidarında deyildilər. Lakin havadarlarına – açıq və ya gizli şəkildə onlara dəstək verənlərə arxalanaraq bizim tarixi, ata-baba torpaqlarımızı işğala məruz qoymuşdular. Soydaşlarımızı yurd yerlərindən didərgin salmışdılar. 

DİP funksioneri daha sonra Vətən müharibəsindəki qələbəmizin üzərinə gələrək sevinc hissilə vurğulayır ki, "çox şükürlər olsun Vətən müharibəsi adlandırdığımız II Qarabağ savaşında rayonlarımız bir-birinin ardınca azad olundu. Azərbaycan əsgəri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sözün əsl mənasında tarix yazdı. Amma haqqın-ədalətin yanında bizimlə bərabər dayanan, dünyaya obyektiv məlumatları yayan, haqq işimizi heç nədən çəkinmədən bilavasitə dəstəklərən ölkələri də yaddan çıxara bilmərik. Bu mənada ilk sırada təbii ki, qardaş Türkiyə Respublikası, onun Prezidenti Rəcəb Tahir Ərdoğan və bütün Türkiyə xalqı dayanır. Eyni zamanda müsəlman dünyasının böyük və qüdrətli ölkələrindən olan qardaş Pakistan dövlətinin verdiyi mənəvi və diplomatik-informasiya dəstəyini də daim qeyd etməli, tarix kitablarımıza yazıb gələcək nəsillərə oxutdurmalıyıq. Bu ölkələrin bizə qarşı təzyiqlərin neytrallaşdırılmasında çox böyük təsirləri oldu. Bu da müəyyən mənada tarixin təkrarlanması idi. Çünki bilirik ki, hələ ötən əsrdə - Azərbaycan Demokratik Respublikası yaranan zaman, xüsusilə Bakının işğaldan azad olunmasında Ənvər Paşa və Nuru Paşanın necə böyük xidmətləri olmuşdusa Türkiyənin bu günkü diplomatik dəstəyi də təxminən onun davamı kimi xarakterizə olunacaq. Bu faktlar bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan doğrudan da "bir millət, iki dövlətdir”. Ona görə bu qardaşlıq və dosluq münasibətləri həmişə davam etdiriləcəkdir”. 

Erməni vəhşiliyinə də diqqətləri çəkən DİP üzvü bildirib ki, onlar hətta yaradılmış imkan əsasında sakitcə köçərkən belə öz barbarlıqlarını, vəhşi tayfa olduqlarını öz davranışları ilə bütün dünyaya nümayiş  etdiriblər: "Biz onlara rahatca köçməyə şərait yaratdığımız halda, onlar evləri, digər mülkləri, meşələri belə yandırıb kim olduqlarını ortaya qoydular. Təsəvvür edin ki, guya ziyalı imicli rejissor belə Kəlbəcərdəki şəxsi obyektlərini yandırıb külünü göyə sovurdu. Dünya telekanalları bunları çəkib nümayiş etdirdi. Bütün bunlardan sonra Fransa kimi ölkələr yenə də bu barbarların olmayan "haqqlarından” dəm vururlarsa, onda doğrudan da bu ölkələri idarə edənlərin, onların ziyalı kəsiminin gözləri kor, qulaqları kardır. Ermənilər Kəlbəcərdəki qızıl yatağı və bir sıra tarixi yerlərimizi qaytarmaq belə istəmirdilər. Lakin Azərbaycan Prezidentinin siyasi iradəsinin qarşısında məğlub duruma düşüb, oraları döyüşsüz tərk etməyə məcbur oldular. Onlar Ağdamı tamamilə yararsız hala salıblar. Mən təklif edirəm Ağdam şəhəri tamamilə o şəkildə "erməni vandalizminin” nümunəsi kimi saxlanılsın və əvəzində Azərbaycan dövləti tərəfindən tamamilə yeni bir Ağdam inşa olunsun. O xarabalıqlarsa bir eksponat kimi gələcək nəsillərə və beynəlxalq təşkilatlara göstərmək üçün saxlanılsın”. 

Sonda Qarabağda erməni quldurlarının hələ də qalmasına və fəlayyət göstərməsinə eyham vuran Əli Cəfərov bildirdi ki, "biz inanırıq çox yaxın zamanda Xankəndi də daxil olmaqla keçmiş Dağlıq Qarabağın bütün ərazilərində Azərbaycan qanunları hökm sürəcək. Ordakı ermənilər Azərbaycan qanunlarına tabe olacaqlarsa, o ərazilərdə qalıb yaşayacaqlar. Yox, əgər tabe olmayacaqlarsa Qarabağı tərk etməli olacaqlar. Çünki Azərbaycan qanunları ölkəmizin bütün ərazilərində, o cümlədən Qarabağda da keçərli olmalıdır”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti