Vaqif Səmədoğluna həsr olunan kitab təqdim edildi (FOTOLAR)

Vaqif Səmədoğluna həsr olunan kitab təqdim edildi (FOTOLAR)
Bu il Beynəlxalq Şairlər Günündə və Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun doğum günündə LİBRAF kitab evində maraqlı bir tədbir baş tutdu. Tədbir orjinallığı ilə diqqət çəkdi. Böyük şairimiz Vaqif Səmədoğlunun adına həsr edilən tədbir Onun həyat yoldaşı, Səməd Vurğunun ev-muzeyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Nüşabə Babayeva-Vəkilovanın böyük sənətkara həsr etdiyi "Mən sənin yuxunam” adlı xatirələr kitabının təqdimatı ilə başladı."Parlaq imzalar” nəşriyyatının və Vaqif Səmədoğlu Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas iştirakçıları oxucular idi. Ədəbi ictimayyətdə və mədəni mühitimizdə tanınan simalar da tədbirin qonağı qismində iştirak edirdilər. Ən önəmli cəhət o idi ki, bu görüşün təşəbbüskarı gənc oxucular olmuşdur.

"Parlaq imzalar” nəşriyyatının rəhbəri Nurman Tariq tədbiri açaraq, "Mən sənin yuxunam” kitabı haqqında öz fikirlərini bölüşdü. Kitabın dəyərli olduğunu, gənc nəsil üçün böyük örnək hesab edilə biləcəyini qeyd etdi.

Yazıçı, dramaturq Jalə İsmayıl çıxışında dedi ki, "Mən Vaqif bəylə Nüşabə xanımı birlikdə görə bilmədim. Qismət olmadı. Onların necə danışdığını, necə baxışdığını görmədim. Amma bu kitabı oxuduqdan sonra əminəm: Nüşabə xanım məhz bu cür yanaşıb Vaqif bəyə. Bu cür həssas, diqqətli, sevgiylə, qayğıyla.
Əgər sevməyi öyrənmək, öyrətmək mümkündürsə, bu kitabı oxuyun.

Fədakarlıq yoluxucudursa, bu kitabı oxuyun, hamıya oxudun.

"Mən sənin yuxunam” kitabı insanı başqa bir dünyaya aparır. O dünyada sevən bir kişi və sevən bir qadın var. Bitməyən bir SEVGİ və sevgili ilə yaşamağın DADI var. Bu dad damağınızda qalacaq. Sevmək, sevilmək istəyəcəksiniz. Və mütləq pıçıldayacaqsınız: "Mən sənin yuxunam…”.Yuxu olmaq, yuxu görmək istəyəcəksiniz. Dünyada bundan daha gözəl nə var axı?”

Yazıçı Nəriman Əbdürrəhman Vaqif Səmədoğlu ilə bağlı öz xatirələrini bölüşdü və kitabı oxuyub bitirdikdən sonra öz fikirlərini bölüşəcəyini bildirdi.

Fililogiya üzrə fəlsəfə doktoru, yazıçı, BDU- nun müəllimi Natavan Dəmirçioğlu çıxışında Vaqif Səmədoğlunun ədəbiyyatımızdakı yerini xarakterizə etdi: "Vaqif Səmədoğlu 20-21 -ci əsr poeziyamızdan dünya çapına çıxara biləcəymiz şairdir. Onun yaradıcılığına xas yazı texnikası, poetik konstruksiya, predmetə yanaşma tərzi, obraz sistemi, bədii ifadə vasitələrindən istifadə etməklə fikri çatdırma bacarığı, hər iki dünyanı və insanı şerdə ifadə etmə keyfiyyəti milli olduğu qədər bəşəri, bəşəri olduğu qədər millidir. Üstəlik müasirdir, kreativdir"-dedi. " Vaqif Səmədoğlu ədəbiyyatımızda bir sıra mövzuların ilk yazarıdır " deyən alim –yazıçı diqqəti şairin Azadlıq , Tanrı mövzularına yönəltdi. Ədəbi simaların qısa təsnifatını verən xanım yazar "Ədəbi simaların ədəbiyyat həyatı müxtəlif olur. Bir qism yazarlar ədəbiyyata parlaq gəlir, amma tez parlayır, tez də sönür. Kimi sənətə səssiz gəlir, sonradan yaradıcılığının orta mərhələsində ən güclü əsərini- şah əsərini yaradır, bir də o yüksəkliyə qalxa bilmir. Nadir hallarda yazarlar ədəbiyyata gəldiyi, olduğu və getdiyi həddi taraz saxlaya bilirlər.Vaqif Səmədoğlunun ədəbiyyata gəlişi, duruşu və gedişi möhtəşəm oldu” söylədi. Natəvan xanım eyni zamanda Səməd Vurğunun ailəsi ilə bağlı xatirələrini bölüşdü.

Şair Fərid Hüseyn çıxış edərək bildirdi ki, Nüşabə xanımın yazdığı "Mən sənin yuxunam” kitabı Vaqif Səmədoğlunu həm şair, həm dramaturq, həm millət vəkili, həm düşüncə adamı, həm ata, həm həyat yoldaşı kimi bizə hərtərfli tanıtdırmağa qadir memuardır. Söz, sənət adamlarının önə çıxan, daha çox qabardılan kimlikləri çox zaman onları hərtərəfli tanımağımıza mane olur. Bu kitab o maneəni aradan götürür. İnsan ürəyində heç zaman bir neçə insanla eyni anda danışa bilmir, qəlbimizdə söhbət gedəndə, adətən bir adama üz tuturuq. Bu kitab Nüşabə xanımın öz ürəyində Vaqif müəllimlə söhbətidir. Ona görə bu kitabın üzərində Nüşabə xanımın ismi yazılsa da, bu memuarlar həm də Vaqif müəllimin dilindən səslənirmiş kimi təsir bağışlayır. Ona görə Vaqif müəllimin dilindən söylənilir deyirəm ki, Nüşabə xanım onun nəyi deyib, nəyi dilə gətirməyəcəyini yaxşı bilirdi. Bu kitabda redaktor adı qeyd edilməyib. Bu kitabın redaktoru Vaqif müəllimin ruhudur. Bu kitab Vaqif müəllimin qoyub getdiyi dünyada oxunmaq üçün olan vəfa dərsliyidir.

Rejissor Mahmənzər xanım çıxında qeyd etdi ki, "Mən sənin yuxunam” dedikdə kitabın müəllifi, Nüşabə xanımın məhz özü dediyi kimi, Səni Səndən də dərin tanıyan bir mənə çevrildi. Həyat yoldaşı olduğu halda kənara çəkilib, qələm sahibi Vaqif Səmədoğlunu yaxın olduğu qədər də uzaqdan seyr edərək təkcə həyat yoldaşı kimi deyil, bir şəxsiyyət kimi də görə bilir və şairin özü deyə bilmədiklərini, içini göynətdiklərini, baxışları ilə danışdıqlarını sözə çevirib tarixə hədiyyə etdi. Bu addım incə sevgi hekayəsi ilə bərabər həm də qadın cəsarətindən və onun böyük ürəyindən xəbər verdi. Çıxışın sonunda Mahmənzər xanım kitabdan bir parça oxudu.

Fililogiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy çıxışında qeyd etdi ki, "Mən sənin yuxunam” kitabı ilk növbədə sevgi dastanıdır. Ümumilikdə isə Vurğun ocağı haqqında yeni bir dəyərli əsərdir. Bu kitab təkcə xatirə janrı deyil, həm də elmi bir mənbədir. Vəkilovlar haqqında elmi əsər yazıldıqda düşünürəm ki, bu mənbədən istifadə olunmalıdır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı Vaqif Səmədoğlu yaradıcılığı haqqında danışdı. Qeyd etdi ki, ilk növbədə Vaqifşünaslar bu kitabdan bəhrələnməlidir.

Jurnalist, teleaparıcı Vüsalə Məmmədova: "Bu kitab böyük sevgi ilə yazılmışdır. İnsan o zaman ölür ki, onunla bağlı xatirələr daşıyan insanlar da ölür… Və Nüşabə xanım bu kitabla sanki Vaqif Səmədoğlunu əbədiləşdirdi. Buna görə Nüşabə xanım, Sizə təşəkkür edirəm”.

Yazıçı, dramaturq Ülviyyə Heydərova: "Vaqif müəllim Azərbaycanın bəxtinə düşmüş böyük şair və şəxsiyyət idi. Onu görmək, tanış olmaq, özünü çox istəmək, sənətini sevmək şərəfini yaşamışam. Vaqif Səmədoğlu xanımına "Mən sənin yuxunam” deyə biləcək qədər xoşbəxt idi. Bu kitab qəhramanına olan səmimi etirafdır. Deyərdim Vaqif Səmədoğluna xitablanan ən gözəl sevgi məktubudur. Bizə yuxu kimi görünən əslində isə gerçək həyat hekayəsidir. "Mən sənin yuxunam” müxtəlif dillərə tərcümə olunmalı və dünyaya çıxarılmalıdır. Dünya Vaqif Səmədoğlu kimi böyük nəhəngi tanımalıdır. Mən çox istərdim ki, bu kitabı hər kəs oxusun”.

Vaqif Səmədoğlu adına Poeziya Teatrının aktyoru, qiraətçi Kamran M. Yunis kitabdan bir parça oxudu və şairin şeirlərini səsləndirdi. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının əməkdaşı Murad Həsənxanlı şairin şeirini ifa etdi.

Tədbirin sonunda Vaqif Səmədoğlu Mərkəzinin İdarə Heyetinin qərarı ilə Vaqif Səmədoğlu irsinin tədqiqi, mühafizəsi və təbliğindəki xidmətlərinə görə fəsəfə doktoru Nüşabə Babayeva-Vəkilova hüquqşünas Səməd Vəkilov tərəfindən "Vaqif Səmədoğlu medalı” ilə təltif olundu. Nüşabə xanım bu tədbirin iştirakçılarına öz minnətdarlığını bildirdi.

Bütün tədbir boyu pianoçu Əlizadə Fuad, gitarist Cəfərin səsləndirdiyi musiqilər tədbirə xüsusi abu-hava qatdı.
 












www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti