Uşaqların və valideynlərin nəzərinə: "Məktəblinin kitabı - 2" başlayır

Uşaqların və valideynlərin nəzərinə:
Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi (QUTDİB) məktəblilərdə kitaba sevgi,  mütaliə vərdişi, həmçinin uşaqların kiçik yaşdan sosiallaşmasına şərait, onlar arasında sağlam rəqabət yaratmaq məqsədilə başladığı və böyük maraq doğruran "Məktəblinin kitabı" layihəsini davam etdirir. 

Ann.az xəbər verir ki, layihədə iştirak etmək üçün hər bir məktəbli

-kitabla olan fotosu; 
-oxuduğu məktəbin adı, sinif;
-özü haqqında kiçik informasiya;
-sevdiyi yazıçı və əsərlərin siyahısını QUTDİB-in Feysbuk səhifəsinə göndərməlidir.

Qeyd edək ki, siyahılar Birliyin sosial şəbəkə səhifələrində yayımlanacaq. Bu, həmin məktəblinin həm ictimai təqdimatı, həm də oxuduğu əsərlərin digər uşaqlar arasında təbliğatı olacaq. 

Sonda ən yaxşı siyahını təqdim edən on uşaqla görüş keçiriləcək və onların fikirləri, oxuduqları əsərlər haqda təəssüratları öyrəniləcək.

Ən bəyənilən fikir sahibi olan üç məktəbli xüsusi hədiyyə ilə mükafatlandırılacaq. Müsabiqənin digər bütün iştirakçılarına isə təltifnamə və həvəsləndirici hədiyyələr təqdim ediləcək. 

Qalibləri ölkənin tanınmış ədəbiyyat və təhsil adamları seçəcək. Beləliklə, layihə həm də uşaqlarla ziyalılar arasında körpü yaratmağa xidmət edir. 

Xatırladaq ki, ötən müsabiqədə ümumilikdə 60 məktəbli iştirak etmişdi ki, onlardan 16-sı müxtəlif bölgələrdən, 44-ü isə Bakının məktəblərindən olmuşdu. Qalibləri isə ölkənin dəyərli ziyalılarından ibarət münsiflər  heyəti – Milli Məclisin deputatı Fazil Mustafa, şair Rüstəm Behrudi, naşir, "Altun Kitab" nəşriyyatının rəhbəri Rafiq İsmayılov, "Hədəf" Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadıq, Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, şairə Kəmalə Abıyeva və uşaq yazıçısı Vüqar Haqverdiyev müəyyən etmişdi. 

Layihənin rəhbəri Birliyin sədri Sevinc Fədaidir. 










www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti