Uşaq bağçalarında yoxlamalar başlayıb

Uşaq bağçalarında yoxlamalar başlayıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəmizdə fəaliyyət göstərən 1600-ə yaxın uşaq bağçasından 500-də lazımi audit və monitorinqlər həyata keçirilib.

Ann.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AQTA sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, hazırda uşaq bağçalarında yoxlamalar davam edir:

"Yaxın zamanlarda bütün bağçalarda aparılan monitorinq barədə ictimaiyyətə məlumat verəcəyik".

AQTA sədri vurğulayıb ki, Səhiyyə Nazirliyi tərəfindən qida rasionunun hazırlanması ilə bağlı təklif hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub:

"Səhiyyə Nazirliyi tərəfindən təklif olunan qida rasionunda məktəbəqədər müəssisələrdə və orta məktəblərdə yeniyetmə yaşına qədər olan uşaqların qidalanmasının necə olması qeyd edilib.

Təklif Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra biz həmin qidaların nə qədər təhlükəsiz olduğuna baxacağıq".

Q.Təhməzli qeyd edib ki, tövsiyə üçün yaşıl, sarı və qırmızı vərəqələr hazırlanıb:

"Bunları daha sonra ictimaiyyətə açıqlayacağıq. Yaşıl vərəqələrdə məktəbəqədər müəssisələrdə və orta məktəblərdə uşaqlara hansı qidalara tamamilə  icazə verilməli olduğu qeyd edilib. Sarı vərəqələrdə əksini tapan qidalar diqqətli olmağı tələb edən qidalardır.

Qırmızı vərəqələrdəki qidalar isə uşaqların qida rasionundan tamamilə çıxarılmalıdır. Bu vərəqələrdə qeyd olunanlar AQTA-nın mövqeyidir.

Hər il olduğu kimi, bu il də Təhsil Nazirliyi ilə birlikdə bütün ümumtəhsil müəssisələrində qidalanma məsələlərinə birgə nəzarət edəcəyik və həmin müəssisələrdə qida təhlükəsizliyinin qorunmasını təmin edəcəyik".


www.ann.az

Xəbər lenti