Türkiyədə Hüseyn Cavidin kitabının təqdimatı olub

Türkiyədə Hüseyn Cavidin kitabının təqdimatı olub
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Türkiyədə çap edilən "Hüseyn Cavid. Əsərləri” (ilk Türkiyə nəşri, 2013)” kitabının təqdimatı keçirilib. 
ANN.Az-ın  məlumatına görə, türk dilində çap olunan kitabı Hüseyn Cavidin tədqiqatçısı kimi tanınan Azər Turan hazırlayıb. 
Kitab Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü, "Kaspi” qəzeti və Kaspi Təhsil Mərkəsinin layihəsi əsasında ərsəyə gəlib. 
Kitabın təqdimatında çıxış edən AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli əsərin əhəmiyyətindən bəhs edib. H.Cavidin əsərlərinin hələ onun sağlığından etibarən çap edildiyini diqqətə çatdıran akademik onu da əlavə edib ki, 1960-70-ci illərə qədər H.Cavidin əsərlərinin çapına ehtiyatlı münasibət davam edirdi: "Bir sözlə, Cavid gündəmə ehtiyata gətirilirdi. Hüseyn Cavidə siyasi qiyməti ulu öndər Heydər Əliyev verdi. Belə ki, 1982-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi ilə bağlı verilən qərar ona verilən siyasi bərait idi. Məhz ondan sonra Cavidin irsi, hətta məktublarına qədər geniş şəkildə çap olunmağa başladı və onun əsərləri tamaşaya qoyuldu”. 
Yeni çap edilən kitabın daha unikal əsər olduğuna diqqət çəkən İ.Həbibbəylinin sözlərinə görə, yeni nəşr bir sıra özünəməxsusluğu ilə seçilir. O. H.Cavidin Türkiyədə çox tanınmandığını dilə gətirib.
Elə ona görə akademik bəzi təkliflər irəli sürüb və əlavə edib ki, təqdim olunan kitab bu istiqamətdə yeni bir istiqamət açır: "Biz bundan sonra Türkiyə klassiklərinin əsərlərini Azərbaycan dilində çap edə bilərik. Hesab edirəm ki, Azərbaycanda 10 cildlik Türkiyə Ədəbiyyatı Antalogiyasının hazırlanmasına ehtiyac var. Eyni zamanda, 10-15 cildlik Azərbaycan Ədəbiyyatı Antalogiyası Türkiyədə nəşr edilməlidir. Bu gün təqdim etdiyimiz kitab bu istqamətdə yeni səhəfiə açır”.
Filologiya üzrə elmlər doktoru, professor Kamran Əliyev H.Cavidin yaradıcılığından geniş bəhs edib, onun bəzi əsərlərindəki fəlsəfi fikirlərin açıqlamasını verib. Alim eyni zamanda, H.Cavidlə Orxan Pamukun "İstanbul” əsərini müqayisə edib. Alim əminlikdə qeyd edib ki, H.Cavidin qələmə aldığı həmin əsər O.Pamukun yazdığından daha gözəldi.
Kaspi Təhsil Şurasının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva H.Cavidin həyat və yaradıcılığı haqqında məlumat verib, kitabın əhəmiyyətindən danışıb. O, H.Cavidi ilahi missiyalı bir insan və irfan adamı kimi xarakterizə edib: "Bütün əsərləri ilə tanışlıqdan sonra gəldiyim qənaət ondan ibarət olub ki, Cavid həm də irfan adamı idi. Onun yaradıcılğı ilə daha dərindən tanış olandan sonra həyatda təsadüflərə etiraz elədim. Hüseyn Cavid məfkurəsi əbədidir, çünki o millətin dilini, mənəviyyatını, millətin məxsus olduğu bütün dəyərləri birləşdirərək türkçülük məfkurəsini əbədi hesab etdi və yazdığı bütün əsərlərində türkçülük ideyasının əsas qoydu”.
AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, millət vəkili Elmira Axundova, A.Turan və başqaları H.Cavidin həyat və yaradıcılığından danışıb, təqdim olunan kitabın əhəmiyyətindən bəhs edib. 
ANN.Az

Xəbər lenti