Tofiq Heydərov: AAAF ölkəmizin idman siyasətində ön sıralarda olacaq (MÜSAHİBƏ)

Tofiq Heydərov: AAAF ölkəmizin idman siyasətində ön sıralarda olacaq (MÜSAHİBƏ)
İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biridir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət yaradaraq idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ulu öndər Heydər Əliyev idmançılarımızın yetişməsi, beynəlxalq yarışlarda qələbələr qazanması, dövlətimizin adını həmişə uca tutmasına xüsusi diqqət yetirir, onlar üçün hər cür şəraitin yaradılmasına qayğı göstərirdi. Bu siyasəti dövlətimizin başçısı İlham Əliyev uğurla davam etdirir.

Göstərilən bu yüksək etimadı daim layiqincə doğruldan idmançılarımızın qatıldıqları bütün beynəlxalq turnirlərdən yüksək əyarlı medallarla qayıtmaları artıq xoş ənənəyə çevrilib. Növbəti belə uğurlardan biri Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qazanıldı. Milli komandamız 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medala sahib oldu. Olimpiadada ölkəmizin aktivinə medal qazandıran idmançılardan biri də ağırlıqqaldırma yarışında çıxış edən Tarmenxan Babayevdir (85 kq).

Azərtac-ın əməkdaşı idmançımızın Olimpiadaya hazırlığı, ağır atletika idman növünün ölkəmizdəki inkişafı və perspektivləri barədə Azərbaycan Ağır Atletika Federasiyasının birinci vitse-prezidenti Tofiq Heydərovdan müsahibə alıb. Müsahibəni təqdim edirik.

– Tofiq müəllim, Tarmenxan Babayevin Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxışını necə qiymətləndirirsiniz?

– Tarmenxan Babayevin Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxışını yüksək qiymətləndirirəm. Federasiyamız bu çıxışı qızıl medal kimi dəyərləndirir və atletimiz Olimpiadanın qalibi kimi mükafatlandırılacaq. Bunu etməyə əsaslarımız var. Belə ki, T.Babayev Olimpiadada çıxış edən atletlərdən bir yaş kiçik idi. Onun 16 yaşı olmasına baxmayaraq, belə gözəl nəticə əldə edib. İkincisi, idmançımızın 94 kiloqram çəki dərəcəsində çıxış etməsidir. Atletimiz bu çəki dərəcəsində Avropa çempionu olub. Olimpiya Oyunlarında çəki dərəcələri azaldılır və 94 kiloqram çəki dərəcəsində yarış keçirilmədi. Avropa çempionatından sonra məşqçilər heyətinin qərarına əsasən, idmançımız Olimpiadada 85 kiloqram çəki dərəcəsində çıxış etdi. Ancaq idmançımız əvvəlki nəticələrini göstərə bilmədi. Həmin göstəricilər Tarmenxan Babayevin Olimpiya çempionu olması üçün yetərli idi. Burada vaxt amili də, özünü göstərirdi. Atletimizin çıxışı Bakı vaxtı ilə gecə saat 2-yə təsadüf edirdi. Sevindirici haldır ki, Tarmenxan məşqçilərinin tapşırıqlarını düzgün yerinə yetirərək medal qazanmağı bacardı. Cüzi səhv onu qızıl medaldan ayırdı və çempionluq İtaliya idmançısına qismət oldu.

Atletimizin "Buenos-Ayres 2018”də medal qazanması Azərbaycan ağır atletika tarixində yeni səhifə açdı. 2010-cu ildə Sinqapurda təşkil olunan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında təmsilçimiz Nicat Rəhimov qızıl medal qazanmışdı. Bir yaş kiçik olan Tarmenxan Babayevin çıxışını Nicat Rəhimovun mübarizəsi ilə eyni qiymətləndirirəm. Bir il sonra Tarmenxanın nəticəsi Nicatın uğurları ilə eyni ola bilər.

– Ağır atletika üzrə Azərbaycan millisinin "Buenos-Ayres 2018”dəki çıxışı sizi qane etdimi?

– Olimpiadaya lisenziyanı ötən il yeniyetmələrin dünya birinciliyində komanda hesabında qazandıq. İkinci vəsiqəni qazanmaq üçün cüzi xalımız çatmadı. Həmin turnirdə komanda hesabında doqquzuncu olduq. Əgər səkkizinci yerin sahibi olsaydıq, iki lisenziya əldə edərdik. Qızlarımız Avropa birinciliyində lisenziya qazanmalı idilər. Müəyyən səbəblərdən komandamız yarışlara buraxılmadı. Beynəlxalq Ağır Atletika Federasiyası ölkəmizdə dopinqlə mübarizəni, qadınlar arasında idmanın bu növünün inkişafını və Azərbaycanda idmana göstərilən diqqəti nəzərə alaraq Lalə Rzazadəyə "wild card” verdi. Lalə də ümidlərimizi doğrultdu. Belə ki, o, son Avropa birinciliyində altıncı olmuşdu. Lalənin çıxışı bizim üçün əlamətdar oldu. Azərbaycan ağır atletika tarixində ilk dəfə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ölkəmiz qadın idmançı ilə təmsil olundu. Lalə Olimpiadada altıncı yeri tutdu. Federasiya olaraq, biz onun nəticəsini bürünc medal kimi qəbul edib, idmançımızı mükafatlandıracağıq. Bu, təkcə idmançıların deyil, federasiyanın və məşqçilərin uğurudur. Lisenziyanı təkcə T.Babayev deyil, ümumi komanda qazanmışdı. İnanıram ki, Olimpiadada komandamızın digər üzvləri də çıxış etsəydilər, mükafatçılar sırasında yer ala bilərdilər. Əminəm ki, ağır atletlərimiz uğurlarını davam etdirəcəklər.

– Atletlərimizin "Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlığı barədə nə deyə bilərsiniz?

– 2016-cı ildə federasiyada köklü dəyişikliklər edildikdən sonra çox az sayda yaşlı idmançımız qalmışdı. Məlum səbəblərdən, ən güclü idmançılar komandadan uzaqlaşdırılmışdı. Biz qarşıya məqsəd qoyaraq yeniyetmə idmançıların əsasında komanda formalaşdırmağa başladıq. Son on ay ərzində idmançılarımızdan 200-dək analiz götürülüb. Demək olar ki, 2-3 nümunə istisna olmaqla, hamısı təmiz çıxdı. Həmçinin ölkədə idmanın bu növünün inkişafı beynəlxalq federasiyanı bizi yarışlara daha tez buraxmağa sövq etdi. Məhz bunun sayəsində biz Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında çıxış edə bildik.

Federasiya olaraq, legionerlərdən imtina etmişik. Xarici ölkələrdən bizə müraciətlər çoxdur. Ancaq qarşımıza yerli idmançıların yetişdirilməsi məqsədini qoymuşuq. Bizim "Tokio-2020” Yay Olimpiya Oyunlarına əsas namizədlərimiz yeniyetmə və gənc idmançılarımız olacaq. İdmançılarımız bu ilin sonundan lisenziya xarakterli turnirlərdə çıxış etməyə başlayacaqlar. Gənclər arasında Məhəmməd Məmmədli, yeniyetmələrdən isə Tarmenxan Babayev, Rüstəm Qasımov və Fuqan Əliyev "Tokio-2020”yə iddiaçılar arasındadırlar. Qızlardan isə Avropa birinciliyinin üçqat qalibi, "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Səbinə Əzimovanı misal göstərmək olar. Biz komandanı gənc atletlərdən formalaşdırmağı nəzərdə tutmuşuq. Bu gün T.Babayevin nəticəsi "Tokio-2020”də mükafatçılar sırasına düşmək üçün az ola bilər. Amma iki ildən sonra hər şey fərqli ola və medala ümid etmək üçün nikbin fikirlər səsləndirə bilərik. İdmançılarımız əsl inkişaf dövrlərini yaşayırlar. Ümid edirəm ki, atletlərimiz Olimpiadada "A” qrupunda medallar uğrunda mübarizəyə qoşulacaqlar.

Komandamız bu yarışlara çox ciddi hazırlaşır. Çəki dərəcələrində də, lisenziya qazanılma sistemində də dəyişikliklər olub. İdmançılar Olimpiya Oyunlarına lisenziyanı artıq komanda hesabında deyil, şəxsi nəticələrinə görə qazanacaqlar. Atletlərimiz yarışlarda topladıqları xallara görə, Olimpiadada iştirak hüququ əldə edəcəklər.

– Atletlərimizin qarşısına hansı hədəflər qoyulub?

– Qarşımıza qoyulan əsas məqsəd yeniyetmələr arasında yarışlarda qalib gəlmək və komandamızı dünyanın ən güclü kollektivinə çevirməkdir. Bunu ardıcıl olaraq davam etdirmək lazımdır. Əgər keçən il millimiz komanda hesabında Avropa birinciliyinin qalibi olmuşdusa, bu il onlardan bir yaş kiçik idmançılarımız bu uğuru təkrarlayırlar. Gələn il isə biz bu nailiyyəti onlardan da gənc olanlardan gözləyirik. Beləliklə, hər il biz dünya və Avropa birinciliklərinin qalib və mükafatçılarını yetişdirməyi qarşıya məqsəd qoymuşuq. Əgər 4-5 il müddətində bu uğuru davam etdirə bilsək, ölkəmiz həm kişilər, həm də qadınlar arasında bütün yaş kateqoriyalarında dünyanın istənilən komandası ilə mübarizə apara bilər. Biz bunu etməyə məcburuq. Çünki ağır atletika torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistanda milli idman növüdür. Onlar Olimpiya Oyunlarında yalnız idmanın bu növündə medal qazanırlar. Çox yarışlarda komandamız onların atletlərini üstələməyi bacarırlar. Biz buna bütün yaş qruplarında nail olmalıyıq.

Uğurlu nəticələri dopinqlə mübarizədə də əldə etməyi qarşıya məqsəd qoymuşuq. Biz regionlarda zallar inşa edirik. Zona yarışlarında güclü idmançılar seçilərək il boyu təşkil olunan təlim-məşq toplanışında iştirak edirlər. Həmçinin seçilmiş idmançılar "Zirvə” liseyində təhsil alır və hazırlıq keçirlər. Onlar üçün yığma komanda səviyyəsində şərait yaradılır. Dünyanın heç bir ölkəsində belə praktika yoxdur. Biz bir çox ölkələrlə maraqlanırıq və məlum olur ki, orada yeniyetmələrin təlim-məşq toplanışına önəm verilmir. Həmin ölkələrdə il ərzində 2-3 dəfə hazırlıq prosesi təşkil olunur. Ancaq bizdə hazırlıq il boyu davam edir.

Federasiya olaraq, növbəti Olimpiada üçün 2005-2006-cı il təvəllüdlü idmançıların seçiminə başlamışıq. Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının hazırlığına indidən başlamalıyıq. İdmançılarımızın il ərzində müntəzəm hazırlıq keçməsi üçün Şüvəlanda Ağır Atletika Akademiyası, Xırdalanda və Astarada mərkəzlər fəaliyyət göstərir. Həmçinin Moldovada böyük bazamız var. Gələn il gənclər arasında Avropa birinciliyinə Moldova ev sahibliyi edəcək. Gənclərdən ibarət komandamız bazamızda hazırlıq keçdikdən sonra birincilikdə körpücük üzərinə çıxacaq.

Qarşıda bizi böyük işlər gözləyir. Dopinqdən və müxtəlif süni qidalardan istifadə etməklə uğur əldə etmək asan olsa da, bu gün biz təbii gücə malik atletləri tapmaq və onlarla işləməyi qarşıya məqsəd qoymuşuq. Bu da kütləvilik əsasında mümkün olur. Tarmenxan Babayev kimi idmançı zona yarışlarında 600-700 atletin arasından seçilir. Hədəfimiz ağır atletika zallarının sayının artırılması və peşəkar idmançıların yığma komandaya cəlb olunmasıdır.

Çalışırıq ki, ölkəmizdə ağır atletikanın kütləviliyinə nail olaq. Federasiyamızın prezidenti Cahangir Əsgərovun diqqət və qayğısı sayəsində AAAF qısa müddətdə Prezident İlham Əliyevin yürütdüyü idman siyasətinin ön sıralarında olacaq. "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları zamanı kompleksimizdə olan qonaqlar – Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti, vitse-prezidenti, 40-dən artıq milli ağır atletika federasiyasının prezidenti burada yaradılan şəraiti yüksək qiymətləndirib, həmçinin dünya ağır atletikasının mərkəzinin Azərbaycan olduğunu deyiblər. Əgər dövlət tərəfindən belə gözəl imkan yaradılıbsa, idmançılarımız öz nəticələri ilə bizləri sevindirməlidirlər. Ümid edirəm ki, federasiyamızın işi yaxın zamanlarda öz bəhrəsini verəcək.
 



















www.ann.az

Xəbər lenti