"TANAP-ın işə salınması Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığı möhkəmləndirəcək"

Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) işə salınması layihə iştirakçılarının regionda və dünyada nüfuzunu artıracaq əlamətdar hadisədir.

Bunu Trend-ə italiyalı jurnalist, siyasətçi və ictimai xadim Culyetto Kyeza deyib.

O bildirib ki, Cənub Qaz Dəhlizi konsepsiyası Avropa Komissiyası tərəfindən 2008-ci il irəli sürülmüşdü:

"Layihə böyük əhəmiyyətə malikdir, çünki söhbət Cənub-Şərqi və Mərkəzi Avropa bazarlarına yeni qaz tədarükü marşrutlarından gedir. Bu, həm də İtaliyanın marağındadır. Eyni zamanda TANAP-ın işə salınması Azərbaycanın regionda və dünyada etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək və qaz tədarükünün təhlükəsizliyini təmin edəcək”.

Jurnalist əlavə edib ki, TANAP-ın işə salınması Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi və siyasi əməkdaşlığın inkişafına xidmət edəcək.

Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, "Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.

www.ann.az

Xəbər lenti