Taksim: müasir İstanbulun döyünən ürəyi - FOTO

Taksim: müasir İstanbulun döyünən ürəyi - FOTO
Rüstəm Qasımov

İstanbula baş çəkən hər kəsin mütləq baş çəkdiyi məkanlardan biri var - Taksim meydanı. İstanbulun Avropa tərəfində yerləşən, insan qələbəliyi ilə dolub daşan bu meydan Beyoğlu rayonundadır. 

İstanbulun döyünən ürəyi sayılan Taksim meydanından İstanbulun ən məşhur küçəsi İsiklal caddesi başlayır. Ən brend mağazalar, kafe və restoranlar, barlar, gecə klubları bu küçədə yerləşir və dünyanın müxtəlif guşələrindən buraya çox sayda insan gəlir. 

İnsan kütləsinin əskik olmadığı bu küçənin səliqə-səhmanına çox sayda işçi nəzarət edir, o cümlədən uzunluğu bir kilometr yarım olan küçədə əsayişin qorunması üçün post patrul xidmətinin əməkdaşları nəzarət edirlər. 

İstiklal caddesi şoppinq etmək istəyənlər üçün də ideal məkanlardan biridir, çoxsaylı türk və dünya brendləri mağazaları alıcıların yolunu gözləyirlər. Mənim İstanbulda müşahidə elədiyim maraqlı məqamlardan biri vacib obyektlərin əksəriyyətində Türkiyə dövlət bayrağının asılması idi, İstiklal caddesi də bu mənada istisna deyildi. 

İstiklal caddesində gəzərkən diqqət etdiyin məqamlardan biri ev və binların fasadlarıdır, onlardan bir çoxu orijinal eksteryeri ilə seçilir. Burada tikilən tikililərin əksəriyyəti  XIX  əsr memarlığı olan Art-Nuvo tərzindədir. Yeri gəlmikən, bu binaların bəziləri Bakıda keçən əsrdə neft maqnatlarının tikdirdiyi binalara bənzəyir. 

Bu məşhur küçədə o cümlədən bir çox vacib obyektləri görmək olar, məsələn, Müqəddəs Antoni kilsəsini, Pera muzeyini, Qalatasaray litseyini və s. 

Türkiyə Respublikasının 50 illiyinə (1923-73) həsr olunmuş məşhur abidə də bu küçədədir. 

İstiklal caddesi musiqiçilərin, rəssamların və digər qəbildən olan yaradıcı insanların sevimli məkanıdır. Burada yaradıcı insanlar küçədə öz əl qabiliyyətlərini nümayiş etdirməklə pul qazanırlar. 

Əvvəlcə qeyd elədiyimiz kimi İstiklal küçəsi İstanbulun döyünən ürəyi olan Taksimə birləşir. Bu kəlmə bölüşdürmə və ya paylaşdırma mənası verir. Buna səbəb şəhərin əsas su kmərlərinin buradan keçməsidir,  hələ I Sultan Mahmudun dövründə su İstanbulun müxtəlif rayonlarına axıdılırdı. 

Məhz Taksim meydanında şəhərin iki əsas prospekti sayılan Cümhuriyyət və İstiklal küçəsi ayrılır. İstiklal küçəsindən biz artıq bəhs etdik. Cümhuriyyətə gəldikdə isə - o şimala, şəhərin işlək bölgələrindən birinə doğru uzanır. 

Bu gün Taksimdə şəhərin təkcə böyük bayram və mərasimləri deyil, həmçinin mitinqlər və piketlər də keçirilir. 2013-cü ildə baş vermiş və bütün dünyanın diqqətini cəlb edən Gezi hadisələrini, məhz buradakı Gəzi parkında ağacların kəsilməsinə görə başlamışdı. Qısa zamanda təkcə İstanbulu deyil, ölkənin bir çox bölgələrini əhatə edən Gezi hadisələrində Taksimə 2 milyondan çox insanın çıxdığı bildirilir.  

İstanbula aid şəkillərdə tez-tez gördüyümüz məşhur qırmızı tramvay da buradan başlayıb İstiklal caddesi boyu hərəkət edir. 

Taksim meydanının əsas simvolu meydanın ortasında yerləşir. Bu 12 metr hündürlüyündəki cünhuriyyet abidəsidir. O, 1928-ci ildə İtalyan memar Pyetro Kanonik tərəfindən yaradılıb. Abidə ölkəni işğaldan xilas edən qəhrəmanların şərəfinə ucaldılıb, burada marşal Mustafa Kamal Atatürkün, İsmət İnönünün, Fevzi Çakmağı və digərlərinin obrazları təsvir edilib. 

Yeri gəlmişkən, Taksimin yaxınlığında böyük avtobus dayanacağı yerləşir, buradan şəhərin müxtəlif istiqamətlərinə doğru saysız-hesabsız marşrutlar gedir. 

Məhur Taksimdən hazırladığımız fotosessiyanı təqdim edirik. 

Xoş seyrlər: 
 






























 
 


www.ann.az

Xəbər lenti