Sosial obyektlərin alternativ enerji ilə təchizatı qənaətbəxşdirmi?

Sosial obyektlərin alternativ enerji ilə təchizatı qənaətbəxşdirmi?
Hazırda dünya ölkələrində alternativ enerji mənbələrindən istifadə sürətlə artmaqdadır. Beynəlxalq mütəxəssislər ekoloji çirklənmənin qarşısının alınması və qiymətli yanacağa qənaət edilməsi məqsədilə alternativ enerjidən istifadənin önəmli olduğunu vurğulayırlar. Danimarka, Almaniya, Latviya, İspaniya və başqa ölkələrdə əhali ev təsərrüfatlarında, bağlarda, kənd yerlərində və digər məkanlarda alternativ enerji növlərindən istifadə edir. Alternativ enerjinin geniş tətbiq edildiyi yerlər sırasında müxtəlif sosial obyektlərin, məktəblərin, klinikaların da sayı kifayət qədərdir.

Görəsən, Azərbaycanda bu cür sosial əhəmiyyətli məkanlarda alternativ enerji mənbələrindən istifadə hansı səviyyədədir?

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov "Report”a verdiyi açıqlamada bildirib ki, ölkədə 23-ə qədər belə sosial obyektdə alternativ enerji panellərinin quraşdırılması müsbət nəticələr verib:

"Bu gün bütün dünyada sosial obyektlərdə alternativ enerji mənbələrindən istfadənin stimullaşdırılması tətbiq edilir, dövlət tərəfindən maliyyələşən binaların və sosial obyektlərin enerji təchizatında bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı layihələr həyata keçirilir.

Azərbaycanda da hələ 2011-ci ildə Bakı şəhəri və ətraf yaşayış məntəqələrinin inkişaf proqramı var idi. Bu proqram üzrə Bakının bir neçə məktəblərində və iki klinikada bərpa olunan enerji mənbələrinin istifadəsi ilə bağlı layihələr həyata keçirmişdik. Həmin klinikaların damının üzərində günəş panelləri quraşdırılırdı.


Cəmil Məlikov

Binaların su təminatı üçün günəş panellərindən əldə olunan enerji vasitəsilə istilik nasosları da fəaliyyət göstərirdi. Məktəblərdəki mövcud istixana sistemi bütün binanın istilik təchizatını tam təmin edə bilmirdi. Ona görə də həmin məktəblərin isidilməsi üçün istilik nasosları texnlogiyasını tətbiq etmişdik. Bundan əlavə, regionların inkişaf proqramı çərçivəsində Cəbrayıl köçkünləri üçün yaradılmış qəsəbələrdə altı baxça və altı məktəbin istilik təchizatının təmin edilməsi və binaların enerji effektivliyini artırmaq üçün kifayət qədər işlər apardıq. Artıq yeddi ildir ki, həmin məktəblərin istilik təchizatı günəş panelləri hesabına təmin edilir. Ümumilikdə təqribən 23 məktəb, kimsəsiz uşaqlar mərkəzi və digər sosial obyektlərdə alternativ enerjidən istifadənin tətbiqini həyata keçirmişik. Bu sıralamaya Beyləqan və Masallı rayonlarında yaradılan idman komplekslərini də əlavə edə bilərik. Bu illər ərzində qeyd edilən istiqamətlərdə gözəl nəticələr əldə edilib”.

C.Məlikov əlavə edib ki, hazırda 265 kəndin alternativ enerji ilə təmin edilməsi istiqamətində tədbirlər hazırlanır:



"Hazırda Energetika Nazirliyinin sifarişi əsasında, texniki baxımdan qazlaşdırmanın səmərəsiz hesab olunduğu ucqar kənd və yaşayış məntəqələrinin alternativ enerji mənbələri ilə təchizatı məsələsi gündəmdədir. Kommunikasiyadan uzaq olan bu kəndlərdə alternativ enerji təcrübəsinin istifadə olunması üçün plan hazırlayırıq. Siyahıda 265 kəndin alternativ enerji ilə təmin edilməsi nəzərdə tutulub. Bunlar Astara, Lerik, Quba, Qusar, Samux, Şəki, Zaqatala istiqamətlərində olan kəndlərdir. Pandemiya ilə əlaqədar bu məsələnin həlli bir qədər uzandı. Ümid edirəm ki, yaxın müddətdə layihə və təkliflər tam formalaşdırılacaq. Hələ ki, texniki və iqtisadi əsaslandırma hazırlanmalıdır. Qazlaşdırma həddən artıq baha başa gəldiyinə görə alternativ yolların təhlilinə başlayırıq”.

Sədr müavini bu sahədə ölkəmizdə olan çatışmazlıqları da dilə gətirib:

"Bu gün alternativ enerji mənbələrinin inkişafı üçün xüsusi qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var. Buna baxmayaraq, artıq beynəlxalq investorlar Azərbaycanda külli miqdarda investisiyanın cəlb olunmasına öz imzalarını atıblar. Hələ yanvarın 7-də günəş enerjisi ilə bağlı iki investisiya layihəsi imzalanıb. Belə gücə malik olan stansiyalar böyük investisiyalar tələb edir. Bu investisiyaların olması üçün həmin investorlara xüsusi şərait yaradılmalıdır ki, onlar investisiyalarını bura qoyandan sonra hansısa müddət ərzində geri qaytara bilsinlər”.

Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev isə qeyd edib ki, hazırkı dövrdə insanların alternativ enerji panellərinin keyfiyyətinə etibarı azalıb:

"Alternativ enerji sahəsi üzrə bizdə tarixən böyük inkişaf olub. Hətta SSRİ dövründə ilk olaraq günəş kollektoru zavodu yaratmaq üçün bizə icazə verildi. Sonralar isə Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradıldı. İlk gündən Agentlikdə səhvliklər getdi. Çünki Agentliyə sahə üzrə mütəxəssis olmayan adamlar yığıldı. Təəssüf ki, biz bu illər ərzində zaman və maliyyə vəsaiti itirdik. Quraşdırılan panellər ikinci əl və keyfiyyətsiz oldu. Bu da insanların alternativ enerji panellərinə etibarını azaltdı. Həmin panellər ikinci əldir, qiymətləri bahadır, faydalılıq əmsalları da azdır. İlk dövrlərdə bizdə insanlar alternativ enerjidən istifadəyə xeyli maraq göstərirdilər. İndi isə insanların etibarı qırıldığına görə bu panelləri almırlar”.


Fəqan Əliyev

F.Əliyevin sözlərinə görə, Azərbaycandan günəş enerjisindən istifadə üçün geniş potensial var:

"Abşeron rayonunda əhalinin külək enerjisindən istifadə etməsi mümkün deyil. Çünki Abşeronda əhali sıx yerləşib. Lakin binaların damlarında günəş fotoelementlərini quraşdırmaq olar. Buna baxmayaraq, biz damlarda bu panellərə rast gəlmirik. Digər ölkələrdə isə binaların damında günəş panelləri quraşdırılır. Bununla bağlı bizdə də çox yaxşı imkanlar var idi. Azərbaycanın günəşliliyi ekvatora yaxın ölkələr qədər intensivdir”.

Həmsöhbətimiz alternativ enerji mənbələri üzrə qanunvericilik problemini də ön plana çəkib:

"Digər bir problem odur ki, bizdə bu sahədə qanunvericilik yoxdur. Azərbaycanda bu sahə investisiya yatırmaq baxımından da gəlirli ola bilər. Amma gərək bu istiqamətdə qanunvericilik bazası yaradasan və investorların istədiyi şəraiti qurasan. Alternativ enerji panellərindən sosial əhəmiyyətli binalarda da istifadə etmək olar”. 

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti