Səxavət Məmmədovun yubiley gecəsi keçirilib

Səxavət Məmmədovun yubiley gecəsi keçirilib
Bu gün Beynəlxalq Muğam Mərkəzində muğam ustası, görkəmli xanəndə Səxavət Məmmədovun 60 illik yubileyi münasibəti ilə yubiley gecəsi keçirilib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan xalq artisti İlham Əsgərov Səxavət Məmmədovun həyatı və yaradıcılığından danışıb, Azərbaycan muğam sənətinin inkişafında göstərdiyi xidmətlərdən söz açıb: “Səxavət Məmmədov sağlığında Azərbaycan muğamı üçün əlindən gələni etdi. O, muğamımızı  bir çox ölkələrdə uğurla təmsil etdi. Qarabağ Səxavəti yaratmışdı,  Səxavət də “Qarabağ” ansamblını yaratdı. Azərbaycan xalqı da illərdir onun xatirəsini, adını əziz tutur. Onun şöhrəti getdikcə artır, yeni lent yazıları üzə çıxır”. Tədbirdə çıxış edən xalq artisti Siyavuş Kərimi bildirib ki, Səxavət Məmmədov Azərbaycan xanəndəlik məktəbinin parlaq nümayəndələrindən biridir: “O, 38 illik həyatında çox sənət fədakarlığı edib. Ondan muğam ifaları, səs yazıları bizə miras qalıb. Səxavət Məmmədov bu gün də bizimlədir. Biz onun musiqisini dinləməkdən yorulmuruqsa, deməli, o yaşayır, sevilir. Belə sənətkarları yaşatmaq bizim borcumuzdur”. Yubileydə iştirak etmək üçün Ukraynadan gələn həmyerlimiz Burzu Əliyev Səxavət Məmmədov da haqqında fikirlərini bölüşüb: “Səxavətin səsinin sirri ondadır ki, o, muğamın bizə bəlli olmayan  sirlərini bilirdi. Bu da onun səsində özünü göstərirdi. Səxavətin səsi millətindən asılı olmayaraq hər kəsə - böyüyə də, uşağa da təsir edir. Nə qədər ki, Azərbaycan türkü var, Səxavətin səsi daim yaşayacaq”. Yubiley gecəsində nümayiş olunan videoçarxda xalq şairi Bəxtiyar Vahabzadənin, akademik Vasim Məmmədəliyevin, şair Qulu Ağsəsin, xalq artistləri Arif Babayevin, Əlibaba Məmmədovun, İslam Rzayevin, Alim Qasımovun Səxavət Məmmədov haqqında fikirləri səsləndirilib. Xatirə gecəsində iştirak edən mərhum xanəndənin oğlu Bəxtiyar Məmmədov Azərbaycan musiqisinin sərhədləri aşaraq dünyaya yayıldığını deyib: “Nə qədər ki, Azərbaycan mədəniyyəti var, inkişaf edir onun ayrılmaz parçası olan Səxavət Məmmədov yaradıcılığı daim yaşayacaq! Ümid edirəm ki, növbəti yubiley atamın yatdığı torpaqda qeyd edəcəyik!” Tədbirdə “Qarabağ” instrumental ansamblının müşayiəti ilə xalq artistləri Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artist Firuz Səxavət və başqaları muğam və xalq mahnılar ifa ediblər. Anım gecəsi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Xan Şuşinski fondunun təşkilatçılığı ilə baş tutub. Tədbirdə S.Məmmədova həsr olunan kitab iştirakçılara hədiyyə olunub. ANN.Az

Xəbər lenti