San Dieqoda Novruz bayramına həsr olunmuş tədbir keçirilib (FOTOLAR)

San Dieqoda Novruz bayramına həsr olunmuş tədbir keçirilib (FOTOLAR)
Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı 15-16 mart 2019-cu il tarixlərində Kaliforniyanın San Dieqo  şəhərində təntənə ilə qeyd edilib. 

Tədbir Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının (California Azerbaijan Friendship Association - CAFA) təşkilatçılığı ilə San Dieqonun tanınmış Cafe 21 məkanında keçirilib. 

Baş Konsulluqdan Ann.az-a verilən məlumata görə, bayram şənliyində Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri, həmçinin Kaliforniyanın müxtəlif şəhərlərindən olan amerikalı qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən CAFA-nın icraçı direktoru Kimiya Məmmədova qonaqları salamlayaraq, Novruz bayramı, onun tarixi, ənənələri və mahiyyəti haqqında ətraflı danışıb. O, Novruz bayramının Azərbaycanda çox qədim köklərə malik olduğunu, ölkəmizdə bu əziz bayramın çox geniş və təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb. K.Məmmədova həmçinin Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və incəsənəti, milli mətbəxi haqqında tədbir iştirakçılarına məlumat verib. 

Novruz şənliyinin keçirilməsində dəstəyə görə Baş Konsulluğa və Cafe 21-in sahibləri Lalə və İmran Cavadova və digər icma üzvlərinə təşəkkürünü bildirən K.Məmmədova icraçı direktoru olduğu CAFA təşkilatının gələcəkdə də bu kimi tədbirlərin keçirilməsini davam etdirəcəyini vurğulayıb.

Tədbir tanınmış tarzən Sahib Paşazadənin ifasında Azərbaycan musiqisindən nümunələr və Azərbaycan mətbəxinin ləziz təamlarını əks etdirən ziyafətlə davam edib.
 






www.ann.az

Xəbər lenti