Salyanda Vətən müharibəsi şəhidinin xatirəsinə abidə bulaq kompleksinin açılışı olub (FOTO/VİDEO)

Salyanda Vətən müharibəsi şəhidinin xatirəsinə abidə bulaq kompleksinin açılışı olub (FOTO/VİDEO)
Salyan rayon Piratman Gəncəli kəndində Vətən müharibəsi şəhidi Ələkbərov Əlisahib Salman oğlunun xatirəsinə ucaldılmış abidə bulaq kompleksinin açılış mərasimi olub.

Ann.az xəbər verir ki, mərasimdə Salyan rayon icra başçısının müavini Rəşad Cəbrayılov, İcra Hakimiyyətinin Vətən müharibəsi və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçi Heydər Quliyev, deputat Fəzail Ağamalının köməkçisi Xidmət Orucov, N saylı hərbi hissədən polkovnik-leytenant Fərahim Həsənov şəhid ailələri və kənd sakinləri iştirak edib.

Ələkbərov Əlisahib Selman oğlu 15 yanvar 1994-cü ildə Salyan rayon Piratman Gəncəli kəndində anadan olub. Əlisahib Ələkbərov doğulduğu kənddə 9 illik natamam orta məktəbi bitirdikdən sonra 2009-cu ildə Cəmşid Naxçıvanski adına orta ixtisas hərbi məktəbinə, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub. 2016-ci ildə ali hərbi təhsilini kəşfiyyatçı zabit kimi başa vurub.

Zabit kimi əvvəlcə Gəncədə, son 3 ili isə Murov dağda yerləşən mövqelərimizdə tank əleyhinə tağım komandiri vəzifəsində xidmət edib. İlk döyüşlərə ötən ilin yayında Tovuz istiqamətində qoşulub. Sentyabr ayının 28-də 3500 metr hündürlükdə yerləşən Ömər aşırımında döyüşən Əlisahib və hərbçi yoldaşları düşmənin 2 postunu ələ keçirib. Döyüşlər zamanı Əlisahib Ələkbərov ayağından yaralansa da, geriyə qayıtmaqdan imtina edib. Ertəsi gün şiddətli döyüşlər davam edib, düşmənin 3-cü postuna 150 metr qalmış qarşıdakı yüksəklikdə əsgərinin vurulduğunu görən komandir Əlisahib Ələkbərov 
onun nəşinin düşmən əlinə keçməməsi üçün həyatını təhlükəyə ataraq atəş altında irəliləyib. Bu zaman düşmən postundan açılan pulemyot atəşi ilə Əlisahib ayağından, sinəsindən və sonda başından güllə yarası alıb. Son nəfəsində ona yaxınlaşan, döyüşçü dostu, rabitə rəisi Hüseynə bu sözləri deyiB: "Ölürəm mən. Nəşimin düşmənin əlinə keçməsinə imkan verməyin. Ailəmi sizlərə əmanət edirəm...". 

Silahlı Qüvvələrin zabiti, baş leytenant Ələkbərov Əlisahib Selman oğlu Vətən müharibəsində göstərdiyi rəşadətə görə, ölümündən sonra "Qarabağ” ordeni", "Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.





www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti