Sahil Babayevdən müavinət və təqaüdlərin artırılması ilə bağlı vacib açıqlama

Sahil Babayevdən müavinət və təqaüdlərin artırılması ilə bağlı vacib açıqlama
"Möhtərəm cənab Prezident, 2020-ci ildə bütün sosial ödənişlər vaxtında və tam şəkildə həyata keçirilib. Sizin müvafiq Sərəncamınızla 2020-ci ilin əvvəlində bütün pensiyalar ölkə üzrə 16,6 faiz indeksasiya olunaraq artırıldı. Ümumilikdə 2020-ci ildə pensiya ödənişləri 2019-cu illə müqayisədə 20 faiz artdı. Azərbaycan Respublikası Prezidentinin təqaüdləri 25 faiz, sosial müavinətlər 15 faiz artdı və ümumilikdə bu ödənişlər 2 milyondan çox vətəndaşımızı əhatə etdi”.

Ann.az xəbər verir ki, bu sözləri yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, aparılan islahatlar nəticəsində Azərbaycanda orta pensiyanın məbləği 13 faiz artaraq 300 manata, yaşa görə pensiyanın orta məbləği də 13 faiz artaraq 330 manata çatmışdır. Həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında öz liderliyini qoruyub:

"Ünvanlı sosial yardım mexanizminin də əhatə dairəsi genişləndirilmişdir. 2020-ci ildə 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilmişdir. Bu, 2019-cu illə müqayisədə 19 min nəfər çoxdur və 15 faizlik artımla orta aylıq ödənilən məbləğ 240 manata çatmışdır.

Sizin tapşırıqlarınıza uyğun olaraq, bütün sosial ödənişlərin həyata keçirilməsində avtomatlaşdırma, elektronlaşdırma tədbirləri görülür, vətəndaş-məmur təması minimuma endirilir və bunun nəticəsində 2020-ci ildə artıq həm müavinət və təqaüd, həm də pensiyalar üzrə 95 min təyinat məhz elektron portal üzərindən hər hansı bir təmas olmadan həyata keçirilmişdir.

Eyni zamanda, əsassız pensiya işlərinin, əsassız və saxta əlillik işlərinin və digər ödənişlərin araşdırılması nəticəsində il ərzində 125 milyon manat qənaət əldə edilmişdir. Digər tərəfdən, yığımların artması nəticəsində il ərzində 160 milyon manatlıq qənaət əldə olunmuşdur və ümumi məbləğin 250 milyon manatı dövlət büdcəsinə ödənmiş, 35 milyon manatı isə Pensiya Fondunun 2021-ci il üçün ehtiyatına yönəldilib”.

"Cənab Prezident, qeyd edim ki, ümumilikdə son iki il ərzində əhaliyə ödənişlərin 1 milyard manat artmasına baxmayaraq, dövlət büdcəsindən transfertin məbləği azalmış və ümumilikdə 570 milyon manat vəsait dövlət büdcəsinə qaytarılmışdır.

Siz qeyd etdiyiniz kimi, İkinci Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan əsgərlərimizin ailələrinə dəstək verilməsi üçün də mexanizmlər hazırlanmışdır və Sizin Sərəncamınızla dekabrın 31-də şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılmışdır.

Milli qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılıb və Sizin Sərəncamınızla yeni bir təqaüd - Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunmuş, onun da məbləği 2000 manat olaraq müəyyən edilmişdir.

Təqaüdlərin artırılması, ümumilikdə 100 minədək insanı əhatə edir. Burada müxtəlif kiçik məbləğli müavinətlər və pensiya əlavələri vahid təqaüd məbləğində birləşdirilmiş və məbləğlər artırılmaqla bu rəqəmlər təsdiqlənib”, - deyə nazir əlavə edib.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti