Rusiyanın nəhəng metallurgiya şirkətlərinin məhsulları Türkiyə bazarına BTQ ilə çıxarılır

Rusiyanın nəhəng metallurgiya şirkətlərinin məhsulları Türkiyə bazarına BTQ ilə çıxarılır
"Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi olan "ADY Express” MMC 2019-cu ilin dekabırından Rusiyanın daha bir nəhəngi sayılan "Evraz Nijnetaqilskiy metallurqiçeskiy kombinat” şirkətinin Türkiyə bazarına çıxartdığı məhsulunu Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşımağa başlayıb.

Bu barədə "Report”a müsahibəsində "ADY Express”in direktoru Azad Qasımov bildirib.

Onun sözlərinə görə, ilk daşınan yükün ümumi çəkisi 2 053 tondur: "Qeyd edim ki, "Evraz Nijnetaqilskiy metallurqiçeskiy kombinat”ı da dünyanın ən iri metallurgiya və dağ-mədən şirkətlərindən biridir. Polad istehsalına görə, dünyada 15-ci yerdədir. BTQ dəmir yolunun yaratdığı imkanlar hesabına gələcəkdə təkcə Rusiyanın "Maqnitoqorsk Metallurgiya Kombinatı" və "Evraz Nijnetaqilskiy metallurqiçeskiy kombinat" şirkətlərinə məxsus ayda 100 min ton yükün daşınmasının mümkün olduğunu hesab edirik. Beləliklə, statistik göstəricilərə diqqət yetirsək, görərik ki, "ADY Express" BTQ vasitəsi ilə qeyd olunan Rusiya şirkətlərinə məxsus nəql etdiyi metal yükləri 2018-ci ildə toplam 1 324 ton, 20 vaqon, 2019-cu ildə 25 193 ton, 385 vaqon yük nəql edibsə, 2020-ci ilin ilk 4 ayında bu göstərici artıq 29 673 ton, 537 vaqon təşkil edib”.

A.Qasımov əlavə edib ki, Rusiya-Türkiyə iqtisadi əlaqələrinin inkişafı fonunda bu ölkələr arasında yük dövriyyəsinin artacağını proqnozlaşdırmaq olar: "Belə olan halda, Bakı-Tbilisi-Qars dəmir yolu həmin yüklərin nəqlində mühüm rol oynayacaq. Bununla yanaşı, hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun Transsibir magistralının imkanları ilə sinerjisi çərçivəsində mühüm işlər həyata keçirilir”. 

Xatırladaq ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. BTQ dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Ümumi uzunluğu 846 kilometr olan BTQ-nin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti