Rusiyanın 102-ci hərbi bazası: Ermənistanın təhlükəsizliyinin təminatçısı, yoxsa təhlükə mənbəyi?

Rusiyanın 102-ci hərbi bazası: Ermənistanın təhlükəsizliyinin təminatçısı, yoxsa təhlükə mənbəyi?
İyulun 4-də Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyaya məxsus 102-ci bazada hərbi qulluqçunun meyiti aşkarlanıb. Bu, rusiyalı hərbi heyətlə bağlı cinayət xarakterli ilk hadisə deyil. Proseslərin gedişatı onu göstərir ki, heç sonuncu da sayılmaz.   

Bugünkü yazımızda Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının fəaliyyəti ərzində baş verən hadisələrə qısa nəzər salacağıq.

1999-cu ilin aprelin 14-də iki sərxoş Rusiya sərhədçisinin (baş əsgər Aleksandr Kamenev və sıravi Denis Popov) Gümrü bazarına daxil olaraq fərdi silahlardan  açdıqları atəş nəticəsində iki mülki şəxs ölüb, doqquz nəfər isə yaralanıb. Sərhədçilərin hər ikisi cinayət məsuliyyətə cəlb olunublar. Onlar cəzalarının bir hissəsini Ermənistan həbsxanasında, qalanını isə Rusiyada çəkiblər. 

2003-cü ilin iyulun 11-də gecə saatlarında bir neçə şəxsin hərbi bazanın ərazisinə qanunsuz daxil olmasının qarşısı alınarkən, odlu silahdan açılmış atəş nəticəsində Gümrü sakinləri Artur Poqosyan və Armen Aroyan ölüblər. İki nəfər isə güllə yarası ilə xəstəxanaya çatdırılıb. Nəticədə bazanın o zamanki komandiri general-mayor Aleksandr Titov vəzifəsindən azad olunub. 

2013-cü ilin aprelin 7-də Ermənistanın Şirak vilayətinin Vaqramberd kəndin yaxınlığındakı Rusiyaya məxsus olan tank poliqonun ərazisində həmin kəndin sakinləri A. Mkrtçyan (2001-ci il təvəllüd) və M. Qevorkyan (1997-ci il təvəllüd) ölüblər. Araşdırmanın ilkin versiyalarından birinə görə uşaqlar mina partlamasından həyatlarını itiriblər, lakin sonda məlum oldu ki, uşaqlar həmin ərazidə metal qırıntıların icazəsiz topladıqlarına görə açılan atəş nəticəsində ölüblər. 
 


Ən dəhşətli hadisə 2015-ci ilin yanvar ayının 12-də baş verib. Belə ki, həmin gecə bazada hərbi xidmət keçən müddətli hərbi qulluqçusu Valeriy Permyakov tərəfindən şəxsi silahdan açılan atəş nəticəsində Avetisyan ailəsinin alı üzvü (Seryoja Avetisyan (1961-ci il təvəllüdlü), onun həyat yoldaşı Asmik Avetisyan (1959-cu il təvəllüdlü), uşaqları Aida Avetisyan (1979-cu il təvəllüdlü), Armen Avetisyan (1981-ci il təvəllüdlü), gəlinləri Araksiya Poqosyan (1990-cı il təvəllüdlü), qızı ikiyaşlı Asmik Avetisyan və altı yaslı nəvələri Seryoja Avetisyan) qətlə yetiriliblər. 2016-cı ilin avqust ayında Valeriy Permyakov ömürlük həbs cəzasına məhkum edilib. Qeyd edək ki, hadisədən sonra Gümrüdə Rusiya və 102-ci hərbi bazanın əleyhinə kütləvi etiraz aksiyaları keçirilib. Aksiyalar iğtişaşlara çevrilib və hüquq-mühafizə orqanları ilə toqquşmalara səbəb olub. 

2017-ci ilin aprelin 22-də bazanın yaxınlığında 21 yaşlı hərbi qulluqçu Dmitriy Yalpayevin üzərində zorakılıq əlamətləri ilə cəsədi tapılıb. Hadisəyə görə Stepanavan şəhərinin sakini Arman Djandjuqazyan saxlanılıb. 

2018-ci ilin dekabrın 3-nə keçən gecə Gümrü sakini 57 yaşlı Culyetta Qukasyan amansızcasına döyülərək öldürülüb. 102-ci bazanın hərbi qulluqçusu Andrey Razgildeyev hadisəyə görə şübhəli şəxs kimi saxlanılıb. Faktla əlaqədar araşdırmalar indiyədək davam edir. 

Bütün bunlar onu göstərir ki, Rusiyanın Ermənistandakı hərbi iştirakı heç də hadisəsiz ötüşmür və vaxtaşırı hər iki dövlətdə müəyyən narazılığa səbəb olur. İstər-istəməz sual yaranır: Ermənistanın təhlükəsizliyinin təmin olunmasında bu bazanın əhəmiyyəti Rusiyanın dediyi qədər böyükdürmü? 

Ermənistan tərəfi dəfələrlə bu məsələyə dair öz narazılığını bildirib. Məsələn, "Rusiyanın Ermənistanda hərbi iştirakı və onun insan hüquqlarına təsiri” məruzənin müəlliflərindən biri olan Artur Sakuntsun sözlərinə görə, aparılan araşdırmalar onu göstərir ki, Ermənistanın Rusiyaya məxsus hərbi bazanın fəaliyyətinə nəzarət və monitorinqin aparılması üçün heç bir mexanizm yoxdur.

Ermənistanda bir çox mühüm vəzifələrdə işləmiş və hətta Ermənistan prezident seçkilərində namizədliyini irəli sürmüş David Şahnazaryanın sözlərinə görə, 102-ci baza Ermənistanın yox, məhz Rusiyanın milli maraqlarının qorunması üçün mövcuddur. Onun fikrincə, bu da Ermənistanın öz maraqları ilə ziddiyyət təşkil edir.



Baş vermiş sonuncu hadisəyə gəldikdə isə, erməni ictimaiyyətdə dərhal çoxsaylı etiraz bəyanatlar səsləndirilib. Belə ki, bir sıra siyasi və ictimai xadimlər, habelə KİV-lər Ermənistanın 102-ci bazasını öz ərazisindən çıxartmaq niyyətində olması barədə bəyanat verib. Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Şuşan Stepanyan sözlərinə görə,  bu kimi bəyanatlar "...əxlaqsızlığın defisiti, hərbi-siyasi və geosiyasi kallığın nəticəsidir”.     

Lakin bütün etirazlara baxmayaraq, Rusiya prezidenti Vladimir Putinin 2010-cu ildə Ermənistana səfər zamanı 102-ci hərbi baza ilə bağlı Ermənistan-Rusiya protokolunun qüvvədə olma müddəti artırılaraq, 49 ilə çatdırılıb. Yəni erməni ictimaiyyətinin "başını ağrıdan” baza 2044-cü ilə qədər Ermənistanda qalacaq. 

Xatırladaq ki, 2012-ci ilədək Azərbaycan ərazisində də Rusiyaya məxsus olan Qəbələ RLS fəaliyyət göstərib, lakin aparılan uğurlu siyasət nəticəsində ölkəmizdə xarici hərbi iştiraka son qoyulub. 

Görünür, Rusiyadan hərtərəfli asılı olan Ermənistan hökuməti "zorla” müdafiə olunmağa düçardır, baxmayaraq ki bu "zorla müdafiə” heç də Ermənistan əhalisinin ürəyincə deyil. Amma başqa yol da yoxdur, qonşu ölkəyə qarşı işğalçılıq siyasətinin nəticəsi belə olur. Ermənistan ictimaiyyəti isə öz hakimiyyətinin səhvləri ucbatından "zorla ərə verilməsinə” öyrəşməlidir. 

Mənbə: Mediapost.az

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti