"Rasim Əliyevi ilk müayinə edən USM həkiminin tibbi təhsili yoxdur" - İDDİA

ANN.Az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, döyülərək öldürülən jurnalist Rasim Əliyevi müayinə edən USM həkimi Arzu Rüstəmova saxta diplomla fəaliyyət göstərir. İddia olunur ki, USM həkimi kimi Kliniki Tibbi Mərkəzdə işləsə də, onun tibbi təhsili yoxdur.
 
 

 
Mərhum jurnalistin anası Teyfurə Əliyeva açıqlamasında bildirib ki, ailənin bu barədə məlumatı var, amma bunu sübut edə bilmək üçün əllərindən heç nə gəlmir: "Həkimlərin bu dərəcədə savadsız olması onların təhsillərinin olub-olmamasından xəbər verir. Əgər Rasimi müayinə edən həkimlərin təhsili, savadı, tibbi biliyi olsaydı, həyat eşqi ilə yaşayan cavan bir insanın göz qarşısında ölümünə imkan verməzdilər”.

T.Əliyeva daha sonra ailəni narahat edən digər məsələlərə toxunub: "Bizi ən çox narahat edən məqamlardan biri də budur ki,Rasimi döyən 5 nəfərdən ikisinin -  Samir və Kənanın oğluma əl vurmadıqları deyilir. Amma qətiyyən buna inanmıram, çünki o 5 nəfərin hamısı Rasimin üstün düşüb, onu döyüb, ağır xəsarət yetiriblər. İnanıram ki, həmin  ərazidəki video kameradan götürülən görüntülər istintaqda daha dəqiqliklə izlənəcək”.  
 
 
  
 
Rasimin atası Məmmədəli Əliyev də açıqlamasında həkim Arzu Rüstəmova haqqında deyiləni eşitdiklərini və buna inandıqlarını deyib: "Amma bunu biz sübut etmək iqtidarında deyilik”.

Məmmədəli Əliyev istintaq işi ilə bağlı yeniliklərdən də söz açıb. O, vəkil Əsabəli Mustafayevin istintaq qrupu qarşısında artıq 3 vəsatət qaldırdığını bildirib: "Telefon və pul qabının oğurlanması ilə bağlı vəsatət qaldırılmışdı. Bu vəsatət artıq qəbul olunub. Vəkillə bu yaxınlarda yenidən görüşəcəm.  Son günlərdə vəkilə telefon danışıqları aparmışıq, Səhiyyə Nazirliyində yaranan komissiya ekspertiza rəyini yaxın günlərdə açıqlanacaq”.
 
 

 
Vəkil Əsabəli Mustafayev bu iddia ilə bağlı məlumata malik olmadığını, amma həiqətən də  belə bir fakt varsa, araşdırılmasının vacibliyini vurğulayıb: "Yalnız hüquqi əsas olduqdan sonar bu faktla əlaqədar vəsatət qaldırıla bilər”.

Vəkil əlavə edib ki, onun qaldırdığı vəsatətlərin bəziləri təmin olunub: "Elə vəsatət də var ki, təmin olunmayıb. Qaldırdığımız telefon oğurluğu məsələsi ilə əlaqədar olaraq o qrupun içərisindən artıq bir nəfərə qarşı cinayət işi qaldırılıb. Bəzi sənədlərlə tanış olmaqla bağlı vəsatətimiz təmin olunmayıb. Bildirdilər ki, istintaq işi yekunlaşanda həmin sənədlərlə tanış ola biləcəksiniz”.


 
Hüquqşünas Ələsgər Məmmədli ən əvvəl bu məlumatın doğru olub olmadığının yoxlanılmasını məsləhət bilib: "Çünki belə bir məlumatın düzgün olmaması həmin insanın şərəf və ləyaqətinin, işgüzar durumun aşağılanmasına səbəb ola bilər”. 
 
Hüquqşünas daha sonra əlavə edib ki, əgər USM həkiminin tibbi savada malik olmadığı, saxta diplomla işə düzəldiyi sübut olunarsa, o zaman həmin şəxsə qarşı vaxtında xəstəni düzgün müayinə edə bilməməsi, ali təhsil olmayan bir şəxsin dövlət xəstəxanasında fəaliyyət göstərməsi və mütəxəssis olmaması kimi araşdırmalar aparıla bilər: "Bu iddianı istintaq araşdırmalıdır. Əgər müəyyən olunsa ki, doğurdan da həmin həkimin səhlənkarlığı və ya düzgün müayinə etməməsi nəticəsində insan ölümü baş verib, bu zaman nəinki həmin həkim, eyni zamanda ona saxta diplm verən şəxslər, onu işə qəbul edən vəzifə sahibləri də məsuliyyətə cəlb olunmalıdırlar”.
 
 

 
Səhiyyə nazirliyinin mətbuat katibi Liya Bayramova ANN.Az-a açıqlamasında bildirib ki, bu haqda məlumatları yoxdur: "Bununla bağlı araşdırma aparacayıq”.

Qeyd edək ki, bu iddia ilə bağlı ANN.Az xəbər portalı Səhiyyə Nazirliyinə rəsmi sorğu yollayıb. Sorğunun nəticəsi ilə bağlı oxucular da məlumatlandırılacaq.

Xatırladaq ki, avqustun 8-də Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Fakt üzrə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Dövlət başçısının xüsusi nəzarətində olan və böyük ictimai rezonans doğurmuş bu ağır cinayətin qısa müddətdə açılması təmin edilib, onu törətməkdə şübhəli bilinən şəxslər müəyyənləşdirilərək istintaqa cəlb olunublar. İlkin araşdırmalarla müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş Cavid Hüseynov avqustun 6-da "Qəbələ” futbol klubunun heyətində Kipr Respublikasının "Apollon” futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi "facebook” səhifəsində tənqidi fikirlər yazmış Ann.tv-nin videoreportyoru Rasim Əliyevə zəng vuraraq ondan təkzib verməyi tələb edib. 

Bundan sonra C.Hüseynovun bibisi oğlu, 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng vuraraq təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində "Bayıl market" mağazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili-tibbi yardım maşını vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05 radələrində orada vəfat edib. İstintaq zamanı R.Əliyevə məxsus "iPhone-5” markalı mobil telefonun cinayətin iştirakçısı Arif Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən "Arzu” şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub və maddi sübut kimi götürülərək cinayət işinə əlavə edilib. Digər maddi sübutların da tapılması istiqamətində tədbirlər görülür. E.İsmayılov, S.Mustafayev, C.Məmmədov, K.Mədətov və A.Əliyev Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib və barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayətin C.Hüseynovun təhriki ilə törədilməsi fərziyyəsi də istintaq-əməliyyat qrupu tərəfindən araşdırılır.


Orxan Aslanlı


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti

Digər xəbərlər