Qazilərə dəstək məqsədilə görüşlərə başlanıldı (FOTOLAR)

Qazilərə dəstək məqsədilə görüşlərə başlanıldı (FOTOLAR)
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Vətən müharibəsi qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə görüşləri davam etdirir.

Qurumdan Ann.az-a verilən məlumata görə, görüşlər Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası (AƏAQF), İcra Hakimiyyətlərinin Qazi və Vətən Müharibəsi iştirakçıları ilə iş şöbələrinin birgə təşkilatçılığı ilə gerçəkləşir.

Görüş zamanı onlara mənəvi dəstək, hüquqi məsləhət, gənclərin paralimpiya hərəkatına cəlb olunmaları, qaziləri maraqlandıran sualların müvafiq qurumlara çatdırılma işində dəstəyin göstərilməsi kimi məsələlər müzakirə edilib. Həmçinin qazilərin Azərbaycanda keçirilməsi nəzərdə tutulan qılıncoynatma üzrə "Zəfər Kuboku”na cəlb edilmələri nəzərdə tutulub.

Xətai rayonundakı son tədbirə BŞGİBİ rəisi Raqif Abbasov, AƏAQF prezidenti Asəf Məlikov, Xətai rayon İcra Hakimiyyətinin Qazi və Vətən Müharibəsi iştirakçıları ilə iş şöbəsinin müdiri Anar Məmmədov və digər şəxslər qatılıb.

Qazilər göstərilən diqqətə görə dövlətə və xalqa minnətdarlıq edərək, hər an Vətənin ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşməyə hazır olduqlarını, xalqın diqqətini və sayğısını həmişə hiss etdiklərini və bundan şərəf duyduqlarını söyləyiblər.

Daha əvvəl Xəzər, Suraxanı rayonlarında Vətən Müharibəsi qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə görüşlər keçirilib.

Növbəti həftə Sabunçu rayonunda yaşayan bütün qazilərlə belə formatda görüşlərin keçirilməsi planlaşdırılır.

Bildirilib ki, 44 günlük Vətən Müharibəsində xalqa qələbə sevincini yaşadan bütün qazilər BŞGİBİ ilə əlaqə yaradaraq arzu və istəklərini, o cümlədən, problemlərini dilə gətirə bilərlər.

Bu layihələr respublikanın bütün hüdudlarını davamlı əhatə edəcək. İlkin olaraq, Bakı şəhərindən start götürən layihələrin regionlara qədər davam etməsi planlaşdırılır.
 





www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti