"Qarabağ" APOEL-ə qarşı

"Qarabağ” bu gün Avropa Liqasının (AL) qrup mərhələsində növbəti oyununu keçirəcək.

Ann.az xəbər verir ki, Ağdam təmsilçisi III tur çərçivəsində Cənubi Kiprin APOEL klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20.55-də start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk turda "Sevilya”ya Bakıda 3 cavabsız qolla uduzsa da, Lüksemburqda "Düdelanj”ı üstələyib - 4:1. APOEL isə evdə lüksemburqlulara 3:4, İspaniyada isə "Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.

Bu komandalar cari avrokubok mövsümündə 3-cü dəfə qarşılaşacaqlar. Nikosiyalılar Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində ağdamlıları mübarizədən kənarlaşdıra biliblər. Azərbaycan çempionu səfərdə 54-cü dəqiqədə Mahir Emrelinin, 69-cu dəqiqədə isə Maqaye Qeyenin qolları ilə önə keçib. Son nöqtəni isə 90+5-ci dəqiqədə Giorqos Merkis qoyub - 2:1. Bundan sonra Tomas Doll APOEL-in baş məşqçisi postunda Paolo Tramezzanini əvəzləyib. Almaniyalı mütəxəssis Bakıdakı debüt qarşılaşmasında 2:0 hesablı qələbəyə sevinərək, mərhələ adlayıb. Qonaqların heyətində 34-cü dəqiqədə Tomas De Vinsenti penaltidən fərqlənib. İkinci qolu isə 68-ci dəqiqədə Uroş Matiç vurub. Ona görə də "Qarabağ” indi revanşa ümid edir.

"Qarabağ” avrokubokların qrup mərhələsindəki son 8 ev oyunundan 7-də uduzub, yalnız ilk dəfə vəsiqə qazandığı ÇL-in qrupunda İspaniya "Atletiko”su ilə Bakıda qolsuz heç-heçə edib. Komanda ötən mövsüm AL-də bütün ev oyunlarından məyus ayrılıb. Üstəlik, Portuqaliya "Sportinq”i ilə görüşdə avrokuboklarda ən böyük hesablı ev məğlubiyyətini alıb - 1:6. Lissabonlularla matçda son 4 ev oyununda yeganə qol vurulub.

Cari avrokubok mövsümündə ÇL-in II raundunda Monteneqronun "Sutyeska” komandasını mübarizədən kənarlaşdıran APOEL (1:0, 3:0), ardınca "Qarabağ”dan güclü olub. Pley-off mərhələsində Hollandiya "Ayaks”ını keçə bilməyən (0:0, 0:2) Kipr klubu AL-in qrupuna düşüb.

Avropa Liqası
Qrup mərhələsi
III tur, A qrupu

24 oktyabr
20.55 Qarabağ (Azərbaycan) - APOEL (Cənubi Kipr)
Hakimlər: Filip Qlovaya, Frantişek Ferents, Yan Pozor, Peter Zimba (Slovakiya).
Hakim-inspektor: Mixalis Kukulakis (Yunanıstan).
UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 

1

Sevilya

2

2

0

0

4:0

6

2

Qarabağ

2

1

0

1

4:4

3

3

Düdelanj

2

1

0

1

5:7

3

4

APOEL

2

0

0

2

3:5

0



www.ann.az

Xəbər lenti