Qanunsuz tikililər dəmir yolu infrastrukturuna ciddi ziyan vurur (FOTO)

Qanunsuz tikililər dəmir yolu infrastrukturuna ciddi ziyan vurur (FOTO)
Azərbaycanda dəmir yolunun mühafizə zolaqlarında vətəndaşlara məxsus qeyri-qanuni tikililər mövcuddur. Təkcə 2018-ci ildə təxminən 700 nəfərə yeni ev verilərək dəmir yolunun mühafizə zolaqlarından kənarlaşdırılıb. Lakin hələ də xeyli sayda bu cür tikililər qalmaqdadır. Onlar əsas etibarı ilə paytaxtın şərqində Keşlə qəsəbəsində "Şanxay” adlandırılan ərazidə cəmləşib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyətindən Ann.az-a məlumat verilib.

Bəs, həmin ərazidə qanunsuz tikililərin olması "Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyətinə necə təsir edir?

Bu barədə açıqlama verən nəqliyyat üzrə ekspert Elmar Əliyev bildirib ki, həmin ərazidə qeyri-qanuni məskunlaşmanın ADY-nin fəaliyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərir:

"Dəmir yolu strateji əhəmiyyətli bir sahədir. Sabah yeni xətt çəkmək, yeni stansiya, yarımstansiya və ya platforma inşa etmək zərurəti yarana bilər. Mühafizə zolaqları ilə bağlı tələblərin olması bunların problemsiz olaraq realaşmasını təmin edir. İndiki halda isə bunu etmək müşküldür. Düzdür, oradan əhalinin köçürülməsinə artıq start verilib. Ancaq problem hələ də qalmaqdadır. Keşlə ərazisində qatarlar, demək olar ki, evlərdən sürtünərək keçir. Yəni evlər dəmir yolu xəttinə bu döppşlokoərəcədə yaxın tikilib. Oradan neft qatarları keçir. Hər hansı bir fövqəladə hadisə baş versə, bu böyük fəlakətə yol aça bilər. Çünki ora nəyin ki, xüsusi yanğınsöndurən qatarlar, heç analoji təyinatlı avtonəqliyyat vasitələri də daxil ola bilməyəcək”.

E.Əliyev diqqətə çatdırıb ki, bu cür gecəqondu tipli yaşayış məntəqələrində mərkəzləşmiş kanalizasiya sisteminin olmaması da ciddi problemlər yaradır.

"Dəmir yolu xətlərinə çirkab suları axıdılır ki, bu da relsaltı balastı yumşaldır. Bu isə, öz növbəsində, qatarların hərəkəti üçün təhlükə yaradaraq qəzaların başvermə ehtimalını artırır və infrastrukturun vaxtından tez aşınmasına gətirib çıxarır. Əksər hallarda adi təmir-bərpa işlərinin aparılması mümkünsüz olur. Belə ki, qazıntıya ehtiyac yarandığı halda, ağır texnika sadəcə olaraq belə dar əraziyə girə bilmir. Bunun nəticəsi olaraq Əhmədli stansiyasına gedən xətt boyu yol infrastrukturu, o cümlədən şpallar, siqnalizasiya və svetafor sistemi kifayət qədər köhnəlib. Düşünürəm ki, həmin yolda tam təhlükəsiz və intensiv hərəkətin təmin olunması üçün, ilk növbədə, xətt boyu bütün qanunsuz tikililər sökülməlidir. Bundan sonra isə dəmir yolu infrastrukturu tam şəkildə modernizasiya olunmalıdır”, - ekspert vurğulayıb.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti