Psixoloq hərbçi valideynlərə bunu məsləhət görür

Psixoloq hərbçi valideynlərə bunu məsləhət görür
Onların ümumi vəzifəsi var; dövlət sevgisi ilə bütünləşmək.

Onların ümumi vəzifəsi var; Vətənə xidmət və dövlət sevgisi ilə bütünləşmək. Bəzən bu bütünlük yaxınlarının hansısa işinin yarımçıq qalması ilə nəticələnsə də, onların yalnız bir seçimi olur: əmrə tabe olmaq!

Hərbi qulluqçuları deyirik... Onların əksəriyyəti valideyndirlər. Təyinatlarından asılı olaraq müxtəlif yerlərə göndərilirlər. Bu da hərbçi övladlarının dəfələrlə məktəb dəyişməsi ilə nəticələnir. Bəs bu yerdəyişmə uşaqlara necə təsir edir?

Psixoloq Afaq Əmirli "MediaPost”a açıqlamasında deyib ki, yerdəyişməyə münasibət uşağın xarakterindən, temperamentindən asılıdır.



Onun sözlərinə görə, bəzi uşaqlar üçün öyrəşdikləri mühiti dəyişmək psixoloji cəhətdən çətin olur: "Bu, adətən, daha həssas, həyəcana və təşvişə meyilli uşaqlarda müşahidə edilir. Bəzən onların bir müəllimə öyrəşməsi üçün bir il, ya da illər lazım gəlir. Birinci sinfə gedən şagird tədris ilinin sonunda müəlliminə öyrəşməyə başlayır. Yaxud da əksinə, sinif yoldaşları ilə dil tapmaqda çətinlik çəkirlər. Təbii ki, bu cür uşaqlara yerdəyişmə mənfi təsir göstərir. Amma elə uşaqlar var ki, onlar daha möhkəm xarakterə malikdirlər. Onlar üçün yeni ünsiyyət qurmaq, tanışlıq yaratmaq daha maraqlı gəlir. Həmişə yeni münasibətlərə həvəslidirlər. Bu, onlara mənfi təsir göstərmir”.

Psixoloq kiçik yaşlı uşaqların tez-tez yerdəyişməsini məqbul saymır: "Həyatı tam dərk etməyən azyaşlıların tez-tez yerdəyişməsi arzuolunan deyil. Çünki uşaqlarda müəyyən bağlılıq hissi formalaşmalıdır. Yaşadığı yerdə olduğu mühitə bağlılıq hissinin yaranması onlarda müəyyən bir stabilik yaradır.

Ona görə də onların öz yaratdıqları münasibətlərdə və məşğul olduqları işdə stabilliyin yaranması üçün ətraf mühitdə də stabillik olmalıdır. Amma valideynin işi tez-tez mühit dəyişməkdən keçirsə, onda bu cür valideynlərə məsləhət görə bilərik ki, uşaqları ilə daha çox ünsiyyətdə olsunlar.

Həyəcanını, təşvişini necə dəf edə biləcəklərini, yeni tanışlıqda düzgün ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirmək üzərində işləmək lazımdır. Ona görə də biz məsələyə fərdi baxmalıyıq”.

www.ann.az

Xəbər lenti