Prezidentin köməkçisi: “Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığın coğrafiyasını genişləndirir”

Prezidentin köməkçisi: “Azərbaycan hərbi-texniki sahədə əməkdaşlığın coğrafiyasını genişləndirir”
"Azərbaycan və İtaliya hərbi-texniki sahədə də əməkdaşlıq barəsində razılıq əldə ediblər”.

"Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O vurğulayıb ki, bu sahədə əməkdaşlıq iki ölkə arasında qarşılıqlı etimadın yüksək səviyyəsinin və Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlığının coğrafiyasının genişliyinin təzahürüdür.

H.Hacıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalanıb: "İmzalanmış sənədlər sırasında "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır: "Sənədin bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanması bu sənədin siyasi yükünü göstərir.


Hikmət Hacıyev

Birgə Bəyannamədə ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərin birmənalı mövqeyi də əks olunur. Sənədin siyasi hissəsində münaqişənin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı, BMT və ATƏT-in müvafiq sənəd və qərarları əsasında nizamlanmasına dair olduqca əhəmiyyətli maddə yer alır.

İtaliya hər zaman münaqişənin həlli prosesində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və onun səyləri hər zaman Azərbaycan tərəfindən yüksək qiymətləndirilib. İtaliya ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və Minsk prosesi çərçivəsində çox fəal olub. Vaxtilə ATƏM-in Minsk Konfransının və sonradan ATƏT-in Minsk qrupunun ilk sədri də məhz italiyalı diplomat Mario Rafaelli olub. Məhz 1993-cü ildə italyan diplomat Mario Rafaellinin Ağdam şəhərinin işğalından sonra BMT Baş katibinə hazırladığı hesabat əsasında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi qəbul olunub”.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti