Prezident dövlət şirkətlərindən narazılıq etdi: "Buna dözmək olmaz"

Prezident dövlət şirkətlərindən narazılıq etdi:
"Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür"

ANN.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bugünkü müşavirədə çıxışı zamanı deyib.

Prezident deyib:

"Dövlət şirkətlərində itkilər kifayət qədər böyükdür. İndi, baxın, bizim qaz itkiləri, düzdür, son vaxtlar azalıb, ancaq yenə də dözülməz həddədir. Bizim su itkiləri. Su məsələlərinin həlli ilə bağlı xüsusi müşavirə keçirmişdim, Tədbirlər Planı qəbul edilib və artıq icra olunur. Amma itkilər 40-50 faiz səviyyəsindədir. Elektrik xətlərindəki itkilər də, əlbəttə ki, bizi narahat edir. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük vəsait qoyulub, müasir infrastruktur yaradılıb, lakin yenə də itkilər var. Amma özəl sektorda əgər itki varsa, bu özəl sektorun subyekti müflisləşir, biznesini bağlayır və heç kim bunun köməyinə gəlmir. Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, bütün itkiləri dövlət tərəfindən bağlanacaq. Hətta ölkəmizdə qazlaşdırma dövlət büdcəsi hesabına aparılır. Halbuki bu, Dövlət Neft Şirkətinin bilavasitə vəzifəsidir. Biz bu il dövlət büdcəsində kəndlərin qazlaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tuturuq. Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur. Axı, bu, bilavasitə onun işidir, onun vəzifəsidir.

Bütün digər dövlət şirkətlərində vəziyyət ya buna oxşardır, ya bundan pisdir, ya da ki, bir qədər yaxşıdır. Amma fakt odur ki, əgər dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləməyəcəklərsə, onda biz bu problemlərlə daim üzləşəcəyik. Bundan sonra buna dözmək olmaz. Hesab edirəm ki, dövlət şirkətlərinə ayrılan vəsait o şirkətlərin səmərəliliyi ilə üst-üstə düşmür. Bu qədər vəsait ayrılıb, daha da böyük nəticə əldə olunmalı idi. Ancaq bu, yoxdur. Çünki birinci növbədə onlar tam əmindirlər ki, dövlət həmişə bunların bütün problemlərini öz üzərinə götürəcək, onların götürdükləri və verə bilmədikləri kreditləri öz üzərinə götürəcək, onlara subsidiya verəcək və beləliklə, bunlarda arxayınlıq yaranıbdır.

Eyni zamanda, israfçılığa yol verilir, bəzi hallarda lazım olmayan layihələr icra edilir, yaxud da bu layihələrin icrasına start verilir. Təbii ki, bu layihələr gərək başa çatdırılsın. Bu layihələr başa çatandan sonra aydın olur ki, bunun səmərəsi yoxdur. Burada, əlbəttə ki, həm idarəetmədə mövcud olan pozuntular, eyni zamanda, bəzi hallarda şəxsi maraqlar rol oynayır. Mən demişəm, bir daha demək istəyirəm ki, dövlət büdcəsinin formalaşması ərəfəsində, müzakirə zamanı bütün dövlət şirkətlərindən sifarişlər gəlir - buraya bu qədər, oraya bu qədər vəsait verin. Biz əlbəttə ki, sosial infrastruktur layihələrinə bundan sonra da dövlət vəsaiti ayıracağıq. Halbuki baxmaq lazımdır, burada da dövlət-özəl sektor tərəfdaşlığı mümkündür, inkişaf etmiş ölkələrdə bu, var. Amma, necə deyərlər, əsas layihələr üçün tələblər dövlət şirkətlərindən büdcə müzakirə olunan zaman gəlir ki, bu qədər vəsait verin bu işi görək. Lakin bu işin səmərəliliyinə heç kim baxmır - bu iş görülməlidir, yaxud görülməməlidir? Bu iş bu ilmi görülməlidir, yoxsa 2 il gözləyə bilər? Buna da heç kim baxmır. Nəzarət aşağı səviyyədədir. Ona görə bu məsələyə mütləq diqqət yetirilməlidir".

Tərəfdaşların xəbərləri

Xəbər lenti