Prezident büdcədən 24.6 milyon manat ayırdı (SƏRƏNCAM)

Prezident büdcədən 24.6 milyon manat ayırdı (SƏRƏNCAM)
Prezident İlham Əliyev Samux rayonunun Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ann.az xəbər verir ki, sərəncamla beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 19,1 milyon (on doqquz milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Dövlət başçısı "Samux rayonunun Çobanabdallı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" da sərəncam imzalayıb.

Sərəncamla Samux rayonunun Çobanabdallı kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.

İlham Əliyev başqa bir sərəncamla Samux Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.7-ci yarımbəndində göstərilmiş 2,0 (iki) milyon manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayırıb.

Prezident Mingəçevir şəhərində 12 nömrəli tam orta məktəb binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.

Sərəncamla Mingəçevir şəhərində 450 şagird yerlik 12 nömrəli tam orta məktəb binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti