Prezident bu şəxslərin maaşını ikiqat artırdı

Prezident bu şəxslərin maaşını ikiqat artırdı
Azərbaycan Prezident İlham Əliyev "Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Ann.az xəbər verir ki, dəyişiklik Konstitusiya Məhkəməsi hakimlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır.

"Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci (Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2-ci bəndi yeni redaksiyada verilib: "Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına (2 475) bərabərdir”.

İndiyədək isə bənd belə idi: "Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2 335 manatdır”.

Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub. Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Dövlət başçısı "Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə də qanunu imzalayıb.

Sənədlə palata üzvlərinin sosial müdafiəsi gücləndirilib. Belə ki, Hesablama Palatasının üzvlərinin əməkhaqqına bir aylıq vəzifə maaşı həcmində əlavə olunacaq. Qanun 2019-cu il aprelin 1-dən qüvvəyə minir.

Xatırladaq ki, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabər tutulur. Palatanın auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.


www.ann.az

Xəbər lenti