Polkovnik: "Daxildəki və xaricdəki qüvvələr düşmən dəyirmanına su tökürlər"

Polkovnik:
"Tovuz hadisələrində siyasi məsələləri ortaya qoyub müəyyən məqsədlərə işləyən daxili və xarici qüvvələr də oldu. Onlar düşmən təxribatlarının qarşısını alaraq cəbhə bölgəsində və təmas xəttində gecə-gündüz öz vəzifələrini layiqli yerinə yetirən Ordumuzun nüfuzuna xələl gətirməyə çalışdılar”.

Bunu "MediaPost"a açıqlamasında Silahlı Qüvvələrin ehtiyatda olan polkovniki Şair Ramaldanov deyib. 

O bildirib ki, düşmənə layiqli cavab verildiyinə görə, heç bir mövqemiz itirilməyib və hazırda vəziyyət bölmələrimizin nəzarəti altındadır:

"Dövlət sərhədi boyunca lazımi tədbirlər görülüb. Son vəziyyət bir neçə mövqeni ortaya çıxardı; həm düşmən təxribat törədir, həm də daxildəki və xaricdəki qüvvələr düşmən dəyirmanına su tökürlər. Siyasi məsələləri ortaya qoyub müəyyən məqsədlərə işləyənlər də oldu. Onlar düşmən təxribatlarının qarşısını alaraq cəbhə bölgəsində və təmas xəttində gecə-gündüz öz vəzifələrini layiqli yerinə yetirən Ordumuzun nüfuzuna xələl gətirməyə çalışdılar. Silah-sursat, hərbi texnikalar haqqında müəyyən fikirlər səsləndirdilər. Hərbi texnikalardan bir az başı çıxan insanlara demək istəyirəm ki, bizim texnika daim işlək olduğuna görə köhnəlmir, paslanmır. Çünki daim irimiqyaslı və kiçik təlimlərdə istifadə olunur. Yeni texnikanın fəaliyyəti və onu idarə edən şəxsin məharəti təqdir olunmalıdır. Həmin texnikalar Ali Baş Komandandan əmr alınanda döyüşlərdə tətbiq edilməsi üçündür, döyüşlərə qədər də təlimlərdə, məşqlərdə istifadə olunur. 

Cəbhədəki döyüşlər dayansa da, informasiya müharibəsi davam edir. Cəmiyyətin vəzifəsi bu müharibəyə sinə gərmək, ona qalib gəlməkdir. Çünki cəbhədə dayanan hərbçilər bütün təxribatlara cavab vermək üçün hazır vəziyyətdədirlər. İstər əsgər, istər zabit nə etməli olduqlarını, hədəflərinin, tapşırıqlarının nə olduğunu çox gözəl bilirlər".

"Lakin informasiya müharibəsində cəmiyyətin dayanıqlığı, mövqeyi, həqiqəti yalandan ayırması, doğru reaksiya verməsi həm vətənpərvərlikdən, həm də təcrübədən xəbər verir. Bizim tək məqsədimiz işğal olunmuş əraziləri azad edib ərazi bütövlüyümüzü bərpa etməkdir. Buna görə də, hamımız bir olmalıyıq. 

Birinci Qarabağ müharibəsində liderlərin, rəhbərlərin olmadığını eşidirdik. Bu gün isə ordumuz mərkəzdən mükəmməl idarə olunur. Bizim savadlı hərbçilərimiz var. Bu gün Azərbaycan Ordusunu peşəkar şəkildə idarə edən rəhbər şəxslər var. Hamımızın böyük sədaqətlə xidmət etdiyimiz və hər an əmrini gözlədiyimiz Ali Baş Komandanımız var. Biz onun əmrini gözləyirik" - deyə, polkovnik vurğulayıb.

Ş. Ramaldanov ordu rəhbərliyi barədə yayılan ittihamlara münasibət bildirib:

"Tovuz hadisələrinə qədər bizim ordu rəhbərliyinə qarşı nə qədər çirkin məlumatlar yayılırdı. Bəlkə biz bunları dayandıraq? Tovuzda təxribatlar gedə-gedə ordunu nüfuzdan salmaq istəyən bəzi məlumatlar yayılırdı. Yenə də absurd dərəcəsində fikirlər səsləndirilir. Deyirlər ki, hörmətli şəhidimiz general-mayor Polad Həşimovun hərəkət koordinatları düşmən tərəfə verilib. Birincisi, generalımız otağından çıxanda birləşmə komandirinə məlumat verir. Sonra haraya, hansı posta gedəcəyinə hərbi hissə qərargahına gələndən sonra özü qərar verir. Generalımız gərginlik yaranan əraziyə gedib şəxsi heyətin vəziyyəti ilə maraqlanmaq istəyib. Bu addımı bütün generallar atır. Kim bilirdi ki, saat neçədə o posta gedəcək? Bu, çox böyük absurddur. Bunu heç olmasa, hərbdən başı çıxan insan təsəvvür etsin. Bəzi rəhbər şəxslər haqqında deyirlər ki, guya qohumları Ermənistanda hərbi vəzifə daşıyırlar, və s. Mənim heç kimi müdafiə etmək fikrim yoxdur. Heç o insanların da müdafiəyə ehtiyacı yoxdur. Çünki onlara Ali Baş Komandan inanıb, etibar edib. Mən onlar haqqında yayılan bütün çirkin məlumatları demək istəmirəm. Deyilən faktlar doğrudursa, bu şəxs(lər) uzun müddət vəzifədə qala bilərdilərmi? Generalın yetişməsində bizim rəhbər şəxslərin böyük rolu var. Onlar başqa ölkədə yetişib bizdə general olmurlar. Orduda bilikli zabit yetişdirmək üçün şərait yaradılıb. Şəraitdən faydalanan şəxslər var".

Polkovnikin fikrincə, informasiya müharibəsi yeni müharibə növüdür: "Hələ də müharibə vəziyyətində yaşayırıq. Düşmənin Tovuz təxribatı alınmasa da, belə təxribatın yenidən olması istisna deyil. Ölkəmizlə bağlı informasiya müharibəsində olan çirkin əməllərə cəmiyyətin özü cavab verməlidir. Cənab Prezident İlham Əliyevin çağırışından sonra minlərlə azərbaycanlı səfərbərliyə gedib. Biz hər an əmr alıb, səfərbər olub öz torpaqlarımızı azad edə bilərik. Sizin tənqid etdiyiniz ordu rəhbərliyi bu əməliyyatları icra edəcəklər. Ona görə də, biz bütün bu çirkin məsələləri kənara qoymalıyıq. Düşmənin bütün təxribatlarına qarşı mübarizə aparmalıyıq". 

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti