Polkovnik Azərbaycan Ordusunun Qarabağda keçirəcəyi əməliyyatdan danışdı

Polkovnik Azərbaycan Ordusunun Qarabağda keçirəcəyi əməliyyatdan danışdı
"Azərbaycan Ordusu dünyada ən hazırlıqlı və güclü ordulardan biridir".

"MediaPost" xəbər verir ki, bunu ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, əsgərindən tutmuş zabitlərə qədər ordunun bütün nümayəndələri daimi özlərinin peşəkarlığını artırır və dövlət bunun üçün lazımi şəraiti yaradıb: "Silah-sursat, döyüş hazırlığı üçün lazım olan təlim mərkəzləri və bazalar da var. Bunların hamısı Azərbaycan Ordusunun inkişafı üçün yaradılan şəraitdir və biz bu şəraitdən yararlanırıq.

Ordunun əsas güc mənbəyi Azərbaycan xalqının dəstəyidir. Bu gün xalqımızın kiçiyindən böyüyünə, vəzifəsindən, sosial durumundan asılı olmayaraq bütün nümayəndələri Dağlıq Qarabağın və ətraf rayonların işğalı ilə bağlı barışmaz mövqe tutub. Onlar eyni sözü deyirlər: "Biz torpaqlarımızı işğaldan azad etməliyik!” Mənim yaşda olan nəsil də bu problemi uşaqlara - gələcək nəslə saxlamaq istəmir, gələcək nəslimizə böyük Azərbaycanı miras saxlamalıyıq!"

Ehtiyatda olan polkovnik bildirib ki, bu gün Azərbaycan Ordusunun təminatı, peşəkarlığı, vətənpərvərliyi, psixoloji hazırlığı, malik olduğu müasir silah və texnikalar torpaqlarımızı erməni işğalından azad edib ərazi bütövlüyümüzü bərpa etməyə imkan verir.

"Biz 1994-cü ilin yanvarında Horadizdə əks-hücum əməliyyatını iki gün keçirərək 30 km irəliyə gedə bildik. Bir neçə yaşayış məntəqəsi, o cümlədən Horadiz və Cocuq mərcanlı kəndi düşməndən azad olundu. O istiqamətdə də erməni tərəfi 4 ay idi ki, müdafiədə dayanmışdı, hazır idilər. Buna baxmayaraq, o vaxt təminatının çox aşağı olduğu Azərbaycan Ordusu yüksək nəticə göstərərək nəyə qadir olduğunu sübut etdi. Başqa istiqamətlərdə də uğurlar əldə etmişdik. Amma bu uğuru qazanıb onu saxlamışıq. Bu gün Horadizdə yaşayış var, ora abad bir qəsəbədi. Əgər 30 km-i iki günə getmişiksə, indiki vəziyyətdə bizə işğal olunmuş ərazinin ən dərin istiqaməti 40 km-dən başlayıb 120 km-ə çatır. Bütün bunları nəzərə alsaq, bizə 7-10 gün lazım olacaq. Bu nəticəyə gəlmək üçün mən 1994-cü ilin misalında hesablama aparıram. Rus mütəxəssislər ilə danışanda da bizə deyirdilər ki, sizin 10-14 gün vaxtınız var. Yəni döyüşlər başlayandan 2-3 gün sonra məlumat yığılır, sonra beynəlxalq qurumlar toplaşır, hansısa qərar verirlər və s. Həmin qərarların qüvvəyə minməsi üçün təxminən elə o qədər vaxt lazım olur. Düşünürəm ki, döyüş tapşırıqlarını 10-14 gündən gec icra etsək, hər gün Azərbaycana qarşı təzyiq artacaq. Ona görə də torpaqlarımızı işğaldan azad etmək üçün bizim çox az vaxtımız olacaq, buna hazır olmalıyıq, əmr veriləndə gecikməməliyik.

Bu gün Azərbaycan Ordusunun imkanlarını çox böyükdür. O vaxt döyüşə getmək üçün mənim briqadam cəmi 20 gün təlim poliqonunda oldu. İndi ordunun bütün təminatı yerli-yerindədir”, - deyə Ş.Ramaldanov vurğulayıb.

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti