Politoloq: "Almaniyanın mövqeyi Avropa İttifaqının məsələyə yanaşmasını göstərir"

Politoloq:
"Almaniya heç vaxt qondarma rejimləri tanımayıb və tanımaq niyyətində deyil”.

Bunu "Report”a Almaniyanın qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı bəyanatını şərh edən politoloq İlqar Vəlizadə bildirib.

"Almaniyanın bu addımı, əslində, Avropa İttifaqının bu məsələyə yanaşmasını göstərir. Yanaşması isə bundan ibarətdir ki, Aİ-nin hər hansısa ölkəsi heç bir halda qondarma rejim və qurumları dəstəkləmir. Bu, bir neçə il öncə qəbul edilmiş Aİ-nin Xarici Siyasət Xartiyasında öz əksini tapıb. Buna görə də Almaniya Xarici İşlər Nazirliyinin bu addımını anlamaq olar. Eyni zamanda bu, Almaniyanın ənənəvi siyasətinin göstəricisidir ki, Azərbaycanla bağlı prioritetləri dəyişməzdir”, - o deyib.

Politoloq Almaniyanın bu addımının təsadüfi olmadığını vurğulayıb: "Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Almaniyanın kansleri Azərbaycanda səfərdə olarkən bir daha bəyan etmişdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Yəni Almaniya XİN-in bu addımı heç də təsadüfi deyil. Eyni yanaşma digər ölkələrə qarşı da sərgilənir”.

İ.Vəlizadə həmçinin Almaniyada qondarma rejimi təbliğ edən saytın bağlanılmasını da şərh edib: "Bir halda ki, bir ölkə süni yaradılmış qurumu tanımır, deməli, onun fəaliyyətini də qeyri-qanuni sayır. Bu, birmənalı olaraq belədir. Bu onu göstərir ki, Almaniya Azərbaycanla münasibətləri çox yüksək qiymətləndirir və regionda onu bir nömrəli iqtisadi partnyor hesab edir. Almaniya rəsmiləri bunu heç vaxt gizlətməyiblər. Almaniya üçün regionda olan prioritetlər dəyişməzdir. Bu ölkə Azərbaycanla milyonlarla avro ilə ölçülən layihələr həyata keçirir. Bu layihələr hər iki ölkəyə kifayət qədər fayda verir. Bu həm də Almaniyanın Azərbaycanın siyasətinə hörmətlə yanaşdığının nümunəsidir”.  


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti