Pirallahını sahillə birləşdirəcək körpünün inşası başa çatır - Fotolar

Pirallahını sahillə birləşdirəcək körpünün inşası başa çatır - Fotolar
Pirallahı qəsəbəsini sahillə birləşdirəcək körpünün tikintisi başa çatır.

Nəqliyyat Nazirliyi "Azəryolservis” ASC-dən Trend-ə verilən məlumata görə, Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirəcək yeni avtomobil körpüsünün tikintisi başa çatmaq üzrədir.

Layihə çərçivəsində yolötürücünün dayaqları və istinad divarlarının tikintisi artıq başa çatıb. Hazırda körpüdə aşırım qurğusunun tikintisi tamamlanmaq üzrədir. Körpüdə beton işlərinin isə bu ayın sonuna kimi yekunlaşdırılması planlaşdırılır.

Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən yolötürücünün uzunluğu 710 metr, körpü hissəsinin uzunluğu isə 422 metrdir. Yanaşma yolları ilə birlikdə layihənin ümumi uzunluğu 1300 metrdir. Körpünün dəniz suyu səviyyəsində hündürlüyü (orta aşırımda) 14 metr, hərəkət hissəsinin eni 12 metr olmaqla, ümumi eni 14 metrdir.

Yeni yolötürücüdə inşaat işlərinin xeyli hissəsi, daha dəqiqi, 85 faizi yerinə yetirilib. 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində isə avtomobil körpüsünün istismara verilməsi planlaşdırılır. Körpü istismara verildikdən sonra onun altından gəmilərin sərbəst hərəkəti də nəzərdə tutulub. Bu məqsədlə lazımi işlər artıq başa çatdırılıb.

Dəniz dalğalarının Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarmasının qarşısını almaq, avtomobil körpüsünün tikintisini sürətləndirmək və yolətrafı zonada ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə magistral boyu sahilbərkitmə işləri də yekunlaşdırılıb.
 








www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti