“Peşəkar ordu və vətənpərvər vətəndaşlarla torpaqlarımızı işğaldan azad edəcəyik” - Kəndi işğalda olan deputat

“Peşəkar ordu və vətənpərvər vətəndaşlarla torpaqlarımızı işğaldan azad edəcəyik” - Kəndi işğalda olan deputat
"Mənim doğulub boya-başa çatdığım kənd də işğaldadır. Bizim keçirdiyimiz canlı və onlayn görüşlər də göstərir ki, ordumuzla yanaşı, vətəndaşlarımız arasında da milli ruh kifayət qədər yüksəkdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Prezident İlham Əliyevin dünənki çıxışına münasibət bildirərkən Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Deputatın sözlərinə görə, Azərbaycan real və ərazi bütövlüyünü dəstəkləyən danışıqların davam etməsində maraqlıdır, lakin Ermənistanın baş naziri "Qarabağ Ermənistandır” deyirsə, danışıqların davamının praktik olaraq əhəmiyyəti qalmır:

"Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və son illər dövlət büdcəsindən bu istiqamətdə ayrılan vəsaitin həcminin artırılması da xəbər verir ki, Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etmək gücünə malikdir. Azərbaycan Ordusu maliyyə təminatı, vətənpərvərlik və peşəkarlıq baxımından regionun seçilən ordularındandır. Nəzərə alsaq ki, ordumuz ən güclü 50 dövlətin orduları sırasında yer alır, bu baxımdan rahat deyə bilərik ki, Azərbaycan üçün ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi prioritet məsələdir. Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistan-Azərbaycan danışıqları mənfi qiymətləndirilməlidir. Paşinyan "Qarabağ Ermənistandır” deyirsə, onunla nə danışmaq olar? Bütün dünya bilir ki, bu, yanlış fikirdir”.

V. Bayramov bildirib ki, parlamentdə təmsil etdiyi rayon da təmas xəttində yerləşir və rayon ərazisinin xeyli hissəsi hələ də erməni işğalındadır: 

"Tez-tez keçirdiyim görüşlərdən də bilirəm ki, Azərbaycanın peşəkar ordusu vətənpərvər vətəndaşlarla öz torpaqlarını işğaldan azad etmək imkanına malikdir. İnanıram ki, biz yaxın vaxtda torpaqlarımızı işğaldan azad edib ərazi bütövlüyümüzü bərpa edə biləcəyik”. 

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti