"Ordumuz bizim qürur mənbəyimizdir"-Aydın Hüseynovdan deputat həmkarına cavab

Deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsləndirdiyi əsassız fikirlərə etirazlar davam edir.

Məsələ ilə bağlı deputat Aydın Hüseynov Sonxeber.az-a açıqlama verib.

Deputat bildirib ki, Azərbaycan Ordusunun qüvvəti, gücü hamıya bəllidir. Azərbaycan Ordusu öz sözünü 2016-cı ildə deyib:

"Uzun müddət ermənilərin yaratdığı mifi dağıtdı, məhv etdi. 2018-ci ildə Naxçıvan istiqamətində çoxdan işğal altında olan torpaqlarımız azad olundu. Ordu nə ilə ölçülür? Ordu onun gücü, torpağını işğaldan azad etmə qüdrətinə malik olması, nizam-intizamı, yüksək keyfiyyətli vətənpərvərliyi ilə ölçülür. Ali Baş Komandan, prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə Azərbaycanda çox möhkəm nizami və ən müasir silahlara yiyələnmiş bir ordu var. Ordumuz bizim qürur mənbəyimizdir. Eyni zamanda Prezidentin tapşırıqlarını həyata keçirən Müdafiə Nazirliyi və Müdafiə Nazirliyinin rəhbərliyi var.

Yəni, bu işlərin yüksək tərzdə qurulmasında əməyi, məsuliyyəti, zəhməti olan insanlar var. Həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinin zəhməti, məsuliyyəti, peşəkarlığı sayəsində bu uğurlu işlər həyata keçirilib. Ordumuza qarşı söylənilən hər hansı bir fikri qəbul etmirəm. Bəzən bilərəkdən, bəzən də bilməyərəkdən ordumuza qarşı bu tərzdə fikirlər səsləndirilir. Hesab edirəm ki, kimliyindən, vəzifəsindən asılı olmayaraq ordumuz ilə bağlı səsləndirilən tənqidi fikirlər qətii qəbuledilməzdir. Biz ordumuz ilə fəxr edirik".

www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti