"Ordu haqqında dezinformasiya yayanları cəzalandırmaq lazımdır" – Deputatdan təklif

"Bu ünsürlər xalq ilə ordu arasında inamsızlıq yaratmaq məqsədi güdürlər".

ANN.az xəbər verir ki, bunu Yeniavaz.com-a açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, müharibənin qaçılmaz olduğu indiki vaxtda ordu haqqında böhtan xarakterli məlumatlar paylaşmaq yalnız Ermənistana xidmət etməkdir:

"Ermənistan baş naziri Nikol Paşinyanın verdiyi  bəyanatlar, Rusiyanın davamlı olaraq Ermənistanı silahlandırması müharibəni qaçılmaz edir. Əlbəttə ki,ədalətli tərəf Azərbaycandır. Bu gün ordumuz bütün parametrlərdə Ermənistandan üstündür. Ən böyük təhlükə işğal olunmuş torpaqlarımızı azad etdiyimiz vaxt Rusiyanın mövqeyidir. Rusiya yenə də 1990-cı illərin əvvəllərindəki kimihərbi texnikasını, canlı qüvvəsini cəbhəyə göndərəcəksə, bu, təbii ki, bizim üçün çətinlik yarada bilər. Lakin buna baxmayaraq, müharibə qaçılmazdır. Müharibə dövründə qarşı tərəfi zəiflətmək, dezinformasiya yaymaq müharibənin əsas şərtləridir. Ona görə də bu gün antiazərbaycan qüvvələr orduya qarşı qarayaxma kampaniyası aparırlar. Antimilli qüvvələr böhtan xarakterli məlumatlarla, hərbçilərimizin üzərinə getməklə, Müdafiə Nazirliyini və ümumilikdə ordu rəhbərliyini hədəf götürməklə cəmiyyətdə orduya olan etimadı zəiflətmək istəyirlər. Bu ünsürlər xalq ilə ordu arasında inamsızlıq yaratmaq məqsədi güdürlər. Ordu haqqında dezinformasiya yaymaq Ermənistana xidmət etməkdir. Bunun başqa adı yoxdur. Ona görə də bunlara qarşı hüquq-mühafizə orqanları qətiyyətli addımlar atmalıdır”.

Deputatın fikrincə, indi bizim Ermənistana qarşı aparmış olduğumuz müharibənin müstəvisi sosial şəbəkələr, informasiya resurslarıdır:

"İnformasiya resurslarında həmin qüvvələrə qarşı sərt mövqeyimizi ifadə etməliyik. Həm hüquq-mühafizə orqanları, həm də media təmsilçiləri və sosial şəbəkə istifadəçiləri ilə öz münasibətimizi bildirməliyik. Hər birimiz qətiyyətli yanaşmamızı ortaya qoyub iradəmizi bir yerdə cəmləşdirərək o cür insanlara qarşı mübarizəmizi genişləndirməliyik. Düşünürəm ki, sosial şəbəkələrdə gedən bu tip yazıların müəllifləri müəyyənləşdirilməli və onlar ciddi şəkildə, Azərbaycan qanunları çərçivəsində cəzalandırılmalıdırlar. Onların sosial şəbəkə və media fəaliyyətinə son qoyulmalıdır”.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti