Ombudsmandan "20 Yanvar" bəyanatı

Ombudsmandan "20 Yanvar" bəyanatı
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar bəyanat yayıb.Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilib ki, 24 il  əvvəl törədilmiş 20 Yanvar faciəsi insanlığa qarşı yönəlmiş  qatı cinayətdir: “Xalqımızın yaddaşına  Qara Yanvar  gecəsi kimi həkk olunmuş bu tarix həm şəhidlərin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, həmrəyliyi günüdür”. Bəyanatda vurğulanıb ki, 20 Yanvar 1990-cı il tarixdə dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulub: “Kütləvi insan itkisi ilə nəticələnən 20 Yanvar faciəsi öz mahiyyətinə və miqyasına görə dəhşətli bir cinayətdir. Lakin bu qanlı cinayətə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib,  aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb. Beynəlxalq hüquqa əsasən insanlıq əleyhinə cinayətin bütün əlamətlərini özündə əks etdirən bu hadisə insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə törədilib. Ümid edirik ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət  kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq,  cinayətkarlar cəzasız qalmayacaq”. Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb. ANN.Az

Xəbər lenti