Müavinətlərin artımı sosial problemlərin həllinə necə təsir edib? - İSLAHATLARIN 1 İLİ (VİDEO)

Müavinətlərin artımı sosial problemlərin həllinə necə təsir edib? - İSLAHATLARIN 1 İLİ (VİDEO)
Azərbaycan Prezidenti İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı dövlət başçısının daha bir humanist təşəbbüsünün nəticəsi olmaqla əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mühüm tədbirlərin ardıcıl xarakter aldığını göstərir.

"Report" xatırladır ki, sərəncam, ümumilikdə, 576,8 min nəfərə yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədinə xidmət edir.

Sərəncama uyğun olaraq, sosial müavinətin məbləği yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan) 150 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata çatdırılıb.

Həmçinin uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləği 146 manatdan 300 manata çatdırılıb.
 


Sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində, eləcə də döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Prezident təqaüdləri təsis edilib.

Müharibə əlillərinə də Prezidentin təqaüdünün məbləği I qrup əlilliyə görə 182 manatdan 250 manata, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə 121 manatdan 210 manata çatdırılması təmin ediləcək. Qeyd olunan müavinət və təqaüdlərin aprelin 1-dən artırılması nəzərdə tutulur.

Martın 1-dən ölkədə minimum əmək haqqı 38,4 faiz artırılaraq 180 manata və dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında qəbul olunan qanunla əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılıb.

Eyni zamanda Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” fərmanına görə, ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 manat müəyyən edilib. Bu da 110 minə yaxın tələbəyə şamil olunub və onlar martın 1-dən etibarən 20 faiz artımla təqaüdlərini alırlar. Xatırladaq ki, bundan əvvəl Prezident təqaüdü 185 manat olub.

Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, I dərəcəli Qarabağ müharibəsi əlili Firudin Məmmədov deyib ki, əvvəllər də bu qəbildən olan əlillərin problemləri və sosial müdafiə işlərinin yaxşılaşdırılması üçün tədbirlər görülüb: "Bu ilin fevral ayında bu qəbildən olan insanların təqaüd və pensiyalarının artırılması ilə bağlı fərman imzalandı. Bu günə qədər olan fərmanların heç birində maliyyə baxımından bu çəkidə fərman imzalanmamışdı. Artımın ümumi miqdarı xeyli oldu. Bu addım əlillər arasında xüsusi hörmətlə qarşılandı və dövlət qayğısının artırılması kimi dəyərləndirildi”.



Azərbaycan Dillər Universitetinin tələbəsi Lamiyə Əhmədzadə qeyd edib ki, tələbə cəmiyyətdə pula ehtiyacı olub işləyə bilməyən təbəqədir: "Dərslərin ağırlığı və sonradan vaxtın az qalmasından iş tapmaq çətinləşir. Odur ki, dövlətin bu cür addım atması tələbələrə olan qayğının göstəricisidir. Təqaüdün müəyyən məbləğdə artması belə tələbəyə böyük köməkdir. Bu artım tələbənin daha yaxşı yaşaması üçün dəstəkdir. Çünki əvvəlki təqaüd məbləği bir aylıq dolanış üçün o qədər də bəs etmirdi. Hazırkı məbləğ əksər xərcləri qarşılamağa çatır”.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdir müavini Babək Hüseynov isə əlavə edib ki, Prezident İlham Əliyevin hələ ötən il anons verdiyi sosial-iqtisadi islahatlar çərçivəsində bir çox sənədlər imzalanıb: "Yeni ildən minimum əməkhaqqının məbləği 130 manatdan 180 manata çatdırıldı. Bu da 600 mindən çox şəxsə şamil edildi. Həmçinin əmək pensiyasının minimum məbləği 160 manata çatdırıldı. Eyni zamanda şəhid ailələri ilə görüşdən sonra da bir neçə sərəncam imzalandı və bu qəbildən olan şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə birdəfəlik ödəmələr bu gün də ailə üzvlərinə təqdim olunur. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün 9 növ sosial müavinətin və Prezidentin 3 növ təqaüdünün məbləğinin artırılması, eləcə də 2 yeni Prezident təqaüdünün təsis edilərək ödənilməsi nəzərdə tutulub. Sosial artımlarla bağlı sərəncamlar inqilabi xarakter daşıyır”. 


www.ann.az

Xəbər lenti