"Mitsubishi" üzr istədi

Yaponiyanın ən böyük şirkətlərindən olan "Mitsubishi" II Dünya Müharibəsi illərində amerikalı hərbi əsirlərlə amansız davrandığına görə üzr istəyib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, şirkətin yüksək səviyyəli idarəçilərindən biri Hikaru Kimura Los-Anjeles şəhərində keçirilən "Simon Wiesenthal" Mərkəzinin muzeyinin açılışında çıxış edib. O, II Dünya Müharibəsi illərində şirkətin 900 nəfər amerikalı əsiri işlətdikləri və onlarla amansızcasına davranıldığı üçün şirkət adından üzr istəyib: "Bu hadisəyə görə üzr istəyirik və keçmişdə baş verən bu faciənin nəticələrini öz üzərimizdə hiss edib ondan peşmançılıq çəkdiyimizi dilə gətiririk".

Tədbirdə ABŞ-ın hərbi əsirlərini təmsil edən 94 yaşlı Ceyms Mörfi 70 ildir bu anı gözlədiyini dilə gətirib: "Cənab Kimuranın söylədiklərini diqqətlə izlədim və onun səmimiyyətinə inandım. Ümid edirəm ki, bizim çəkdiyimiz acılar bir daha təkrar olunmaz".

O, Hanava şəhəri yaxınlığındakı yeraltı mədəndə 1 il ərzində kölə kimi işlədiklərini xatırladıb: "Yaşadıqlarımız dəhşətli idi. Nə yemək verilirdi, nə də əynimizə geyinməyə paltarımız vardı. Amma ən acısı o idi ki, bizim əməyimizlə ortaya çıxan "Mitsubishi" təyyarələrinin Amerika birliklərinə qarşı işlədildiyini bilirdik. Məni əsir tutanları bağışladım, amma 70 il idi ki.bu üzrü gözləyirdim".

Qeyd edək ki, II Dünya Müharibəsi zamanı baş verənlərlə bağlı üzr istəyən ilk şirkət "Mitsubishi" olub. Bu şirkət həmin illərdə 900 nəfər əsir çalışdırıb. Əsirlər arasında çinlilər, filippinlilər və koreyalılar da olub. 
 


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti