Millimizin qapıçısı: Tənqidə hörmətlə yanaşırıq

Millimizin qapıçısı: Tənqidə hörmətlə yanaşırıq

Millimizin qapıçısı: Tənqidə hörmətlə yanaşırıq
Futzal üzrə millimizin qapıçısı Rövşən Hüseynli azarkeşlərə müraciət edib.

ANN.Az oxu.az-a istinadla xəbər verir ki, millimiz Sloveniyanın paytaxtı Lyublyanada keçirilən Avropa çempionatının 1/4 finalında Portuqaliyaya 1:8 uduzaraq turnirlə vidalaşıb.

Həmin oyundan sonra sosial mediada millimiz çox tənqid olunub. Rövşən Hüseynli isə üzünü onları tənqid edənlərə tutub:

"Qalib gələndə yanımızda olub təbrik edənlər çox olduğu kimi, uduzanda da yanımızda olanlar, dəstək olanlar çoxdur. Amma bəlkə də, uduzmağımızı həzm edə bilmədiyindən, pis vaxtda dəstək olmağı bacara bilmədiyindən və ya idmanı, futzalı anlamadığından, uduzan kimi "baltalayanlar” da az deyil.

Sadəcə, onu demək istəyirəm ki, idman da bir həyatdır və səhvlər üzərində qurulub, həyatda səhvlərimiz olduğu kimi. Əsas bu səhvlərdən yaxşı mənada nəticə çıxarmaqdır. Onu da deyim ki, səhvlər olanda yaxşı dostlar və dürüst insanlar kəsib tullamır, baltalamır.

Yanında olur, dəstək olur, çətinlikdən çıxmağına kömək olur. Ən asan yoldur qıraqdan danışmaq və "baltalamaq”. Biz idmançılar hər bir azarkeşin, hər bir insanın tənqidinə hörmətlə yanaşırıq, yanaşmalıyıq da. Ancaq "baltalayan” azarkeşlər də biz idmançılara hörmətlə yanaşmalıdır.

Sözüm oyuna baxmayan, oyundan anlayışı olmayıb "filankəs oynaya bilmir, ayağında top saxlaya bilmir”, "qapıçı aparmamışdınız” və ya "daydayı var” deyən insanlaradır.

Sözün həqiqi mənasında, güclüsünüzsə, bacarırsınızsa, buyurun, gəlin və bəyənmədiklərinizin, lağ etdiklərinizin yerində olun, bir azərbaycanlı kimi mən sevinərəm şəxsən!”

Daha sonra Rövşən Hüseynli hətta güclü millilərin də böyük hesablarla yaxın keçmişdə uduzmasına dair nümunələr gətirib:

"Böyük hesabla məğlub olduq, unuda bilmirik, unutmayacağıq da! Amma uzağa getməyək.

2016-cı ilin fevralında Avropa çempionatının finalında İspaniya Rusiyanı 7:3 məğlub etdi. Həmin ilin sentyabrında Rusiya İspaniyanı 6:2 yendi. 

Bu, özünü təmizə çıxarmaq və ya sığortalamaq deyil, sadəcə, dərslikdir. Udmaq olduğu kimi, uduzmaq da var və bundan nəticə çıxarmalıyıq. Həyat davam edir və yarışlar, oyunlar, sınaqlar daha çox olacaq.

Yaxşı nəticələr göstərib sizləri sevindirmək üçün çalışmalı və özümüzdə güc toplamalıyıq. Bunun üçün də siz azərbaycanlıların, azarkeşlərin dəstəyi lazımdır. Var olun!”

www.ann.az

Xəbər lenti