Millimizin baş məşqçi postuna 3 məşhur namizəd

Millimizin baş məşqçi postuna 3 məşhur namizəd
AFFA milli komandaya baş məşqçi axtarışını davam etdirir. Ancaq çox güman, təyinat növbəti il gerçəkləşəcək. Hər halda, bu gün 2018-dəki sonuncu gündür. Odu ki, millinin çalışdırıcısının məhz bu gün bəlli olacağı inandırıcı deyil. Beləliklə, yeni baş məşqçini görmək üçün 2019-u gözləyək.

AFFA bir çox mütəxəssislə danışıq aparır. Təbii ki, namizədlərin hamısı əcnəbilərdir. Federasiyanın hədəfində olan namizəd isə yığmamızda çalışmaqdan imtina edib. Söhbət Səudiyyə Ərəbistanının "Əl İttihad" klubunda çalışan Slaven Biliçdən gedir. 50 yaşlı xorvatiyalı mütəxəssis Xorvatiya millisi, "Hayduk", "Lokomotiv", "Beşiktaş" və "Vest Hem"də çalışıb. 

Yığmaya daha bir namizədin adı çəkilir. Həmin mütəxəssis bu ilin oktyabrında Yunanıstan millisindən istefaya göndərilən Mixael Skibbedir. Almaniyalı çalışdırıcı daha əvvəl "Qalatasaray" və "Karabükspor"un "sükanı arxasında" yer alıb və uğursuzluqları ilə diqqət çəkib.  53 yaşlı çalışdırıcı "Şalke", "Borussiya", "Bayer", "Ayntraxt", "Herta" və "Qrasshoppers" kimi komandalarda çalışıb.  

Millimizi çalışdırmaqdan imtina edən digər çalışdırıcı isə Fernando Yerrodur. Yerro son dünya çempionatında İspaniya millisinə rəhbərlik edib. Lakin yığmanı uğursuzluqdan xilas edə bilməyincə, özü də həmin postda qalmayıb. Yerro millimizin AÇ-2020-nin final mərhələsinə yüksəlməyinin reallıqdan uzaq olduğunu deyib. 

Qeyd edək ki, millimizin baş məşqçisi Qurban Qurbanov bu ayın əvvəlində vəzifəsindən ayrılıb. (Futbol11.az)

www.ann.az

Xəbər lenti