"Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin fəaliyyətinin təşkili" mövzusu müzakirə edildi

"Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin fəaliyyətinin təşkili: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, noyabrın 18-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə mənzil fondunun bazar iqtisadiyyatı prinsiplərinə uyğun idarə olunmasının təşkili, sahə mülkiyyətçilərinin idarəetmədə yaxından iştirakının təmin olunması, yeni yaradılan Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) fəaliyyətinin dəstəklənməsi, eləcə də bu sahədə mövcud problemlərin müzakirəsi məqsədilə "Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin fəaliyyətinin təşkili: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib
 
Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, beynəlxalq təşkilatların, aidiyyəti dövlət orqanlarının, bələdiyyələrin və çoxmənzilli binalarda yaradılan MMMC-lərin, həmçinin təşəbbüs qruplarının nümayəndələri iştirak edib.
 
İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov ölkəmizdə həyata keçirilən mənzil-kommunal siyasəti, həyata keçirilən institusional islahatlar və bu sahənin inkişaf perspektivləri barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, mənzil fondunun idarə olunması istiqamətində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm işlər görülmüş, 2009-cu ildə yeni Mənzil Məcəlləsi qəbul edilmişdir. Məcəllə mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin formalaşmasında, eləcə də mənzil fondunun idarə olunmasında mütərəqqi idarəetmə üsullarının tətbiqində əsas hüquqi baza rolunu oynayır. Bakı şəhərində çoxmənzilli binalarda sahə mülkiyyətçiləri tərəfindən yeni idarəetmə üsullarının tətbiqi ilə əlaqədar MMMC-lər yaradılmış, indiyədək 17 MMMC dövlət qeydiyyatına alınmışdır. Hazırda yeni  üsulların tətbiqi, o cümlədən yeni MMMC-lərin yaradılması istiqamətində əlavə olaraq 20-dən artıq layihə üzrə işlər aparılır.
 
İqtisadiyyat və Sənaye Nazirliyinin sektor müdiri Arif Nəzərov MMMC-lərin yaradılmasında dövlət dəstəyi, Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov Binəqədi rayonunda MMMC-lərin təşkili barədə təqdimatlarla çıxış ediblər.
 
Tədbirdə iqtisadçı-ekspert Nüsrət İbrahimov, "Yasamal-2” MMMC-nin sədri Gülbaba Cavadov, "Xətai-3” MMMC-nin sədri Mehman Nağıyev və digərləri  məruzələrlə çıxış eediblər.
 
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
 


www.ann.az

Xəbər lenti