"Mən atamı çox istəyirəm" - şəhidin mərasimindən (REPORTAJ)

Bu gün Qarabağ qazisi Qoşqar Hacıyevin üç mərasimi idi. Mərasim Bakıdakı Heydər məscidində keçirilirdi.

Q.Hacıyev 2015-ci ilin sentyabrın 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanmışdı. Müalicəsi həm Bakıda, həm də Türkiyədə aparılsa da, uzun müddət komada qaldı. 2020-ci ilin fevralın 10-u axşam saatlarında vəziyyəti ağırlaşan qazi həkim müdaxilələrinə baxmayaraq, vəfat etdi.

Şəhidi yad etmək üçün məclisə gələnlərin "Allah rəhmət eləsin!” başsağlığına, qürurla "Vətən sağ olsun!” deyərək cavab verirdi şəhidin qardaşı İlqar Hacıyev.

Ağappaq saçını qara örpəklə örtən şəhidin anası Pəri Hacıyevaya yaxınlaşırıq. Bizi şux qarşılamağa çalışır. Oğlu şəhid olan analar övladları şəhid oldu deyə üzülmürlər, oğul itirirlər deyə üzülürlər... Pəri ana kimi. Bir də Qoşqarı görə bilməyəcəyini deyib ağlasa da, tez başını yuxarı qaldırıb "mən onu görməsəm də, o məni hər gün görəcək” deyir.
 

Pəri Hacıyevaya

Həmdərd olan şəhid yaxınları Pəri ananı tək qoymamışdılar. Ananın ətrafında şəhid anaları, şəhid yoldaşları cəm olmuşdu. Hamısı ilə bir-bir danışmaq istəyirdik, ancaq çətin idi şəhid anasının dilini söz tutması. Şəhid Füzuli Salahovun anası Sevda xanım kimi, şəhid Ravil Novruzovun anası Nargilə xanım kimi, 2017-ci ildə Ağdamın Zəngişalı kəndində həlak olan Nahid Soltanovun anası kimi...
 


Ağır idi şəhid yoldaşının kövrəlmədən ömür-gününü bölüşdüyü insandan bəhs etməsi. Eyni ilə şəhid Xəqani Aslanovun həyat yoldaşı kimi. İki qaynının da (Vidadi Aslanov, Hasil Aslanov) şəhid olduğunu deyən xanım üç şəhid qardaşın şəklini göstərib susurdu.

Hərəsi bir köz yandırırdı ürəyinin tən ordasında. O köz ki, Xocalı faciəsində ölmüş anasından süd əmərkən donan Kübra Mahmudovanın buzunu "əridə” bilməmişdi hələ də. Elə Kübra xanım kimi həmin faciənin zərərçəkənlərindən biri olan Həmayil Xəlilova da burada idi.

Mərasimdə Müdafiə Nazirliyinin nümayəndələri, deputatlar Aydın Mirzəzadə, Aydın Hüseynov, Adil Əliyev də iştirak edirdi.
 


Qarabağ qaziləri və Aprel döyüşçüləri, ehtiyatda olan hərbçilər, şəhid valideynləri, şəhər sakinləri, mətbuat nümayəndələri də mərasimə qatılmışdılar.

"Üç gün əvvəl şəkil çəkdirmişdim dostum Abdulla ilə. Bu gün deyirəm ki, şəkli paylaşanda altında nə yazım? Deyir üç gün əvvəl soruşsaydın fəxrlə deyərdim ki, qazi oğlu yaz. İndi fəxrlə deyirəm ki, şəhid oğlu yaz”.

Bunu şəhid oğlu Abdulla Hacızadənin dostu balaca İbrahim Şirinov deyir. Abdulla isə eyni sözləri təkrarlayır: "Mən atamla fəxr edirəm, fəxr edirəm ki, şəhid oğluyam”.
 


Əmisi İlqar Hacıyevə yaxınlaşmaq istəyəndə tez yanıma gəlib çəkinə-çəkinə pıçıldayır:

- Olarmı ürəyimdən gələn bir söz də deyim? 

- De, mənim balam.

- Mən atamı çox istəyirəm!

Deyib, sakitcə uzaqlaşır yanımdan...

Şəhidin qardaşlarına başsağlığı verib, mərasim zalını tərk edirik. Tərk etmədiyimiz isə Abdullahın son cümləsi idi...

Azadə Yolçu
Report.az






















www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti