Məmur geyimi necə olmalıdır? - Deputatların fikri

Məmur geyimi necə olmalıdır? - Deputatların fikri
Dünyanın bir çox ölkələrində dövlət qulluqçularının rəsmi, yaxud qeyri-rəsmi etiket, davranış qaydaları var. Bu qaydalar kiməsə sıxıcı görünə bilər, lakin qanun, yaxud ənənə məmurdan ona mütləq əməletmə tələb edir.Səliqəli görünüş – dövlət qulluğunda olan şəxsdən ən böyük tələb budur. Qanunla yazılı normalar, yaxud mətndə əks olunmayan ənənə geyimi (əgər kişidirsə – kostyum və qalstukda; əgər qadındırsa – ətək və pencəkdə) də özündə ehtiva edir. Məmurun ona riayət etməsi təkcə özünün qanuna itaətkarlığını yox, həm dövlətin vətəndaş qarşısında üzüağlığını isbatlamaq məqsədi güdür. Yəni bu, sadəcə zövq məsələsi deyil.Deputat Çingiz Qənizadə Modern.az-a açıqlamasında bu fikri təsdiqləyir. O, dövlət məmurlarının geyim məsələsində səliqəyə xüsusi önəm verməli olduqlarını vurğulayır. “Bəzi dövlət orqanları var ki, öz fəaliyyətlərini, səlahiyyətlərini həyata keçirərkən, xüsusi formalardan mütləq istifadə edirlər. Bunu daha çox hüquq-mühafizə sistemi, habelə hərbi, vergi, gömrük və s. strukturlarda görmək mümkündür. Digər dövlət qulluğu sahələrində gündəlik geyim formasından istifadə edilir. Təbii ki, rəsmi məqamda olan şəxs səliqəli geyinməlidir. Yəni şəxs təkcə özünə qarşı deyil, dövlət haqında da müsbət rəy formalaşdırmalıdır”.Çingiz Qənizadə qalstukdan istifadəni mütləq saymır: “Düzü, bunu məcburi xarakter daşımasını təsəvvürümə gətirə bilmirəm. Bunu məcburi etmək olmaz. Elə insanlar var ki, inanclıdır, qalstuk taxmır. Hər halda qalstuk taxmasa da, çox səliqəli təmiz geyinir. Məsələn, Milli Məclisin deputatı, professor Nizami Cəfərov inanclı adam olmasa da, heç vaxt qalstuk taxmır. Amma parlamentə həmişə səliqəli, yəni köynəkdə, kostyumda gəlir”.Milli Məclis üzvü bir çox ölkələrdə geyimlə bağlı məcburi qaydalardan xəbərdar olduğunu bildirib. “Qonşu Türkiyədə parlamentin daxili nizamnaməsində millət vəkillərinin geyimi ilə bağlı normalar əksini tapıb. Elə bu yaxınlarda parlamentə hicablı girişlə bağlı böyük müzakirələr olmuşdu. Daha sonra qadın millət vəkillərinin şalvarla Məclisə gəlməsi məsələsi ortaya çıxdı. Buna görə də Türkiyə Böyük Millət Məclisində xüsusi qrup parlamentin nizamnaməsinə düzəlişlər etdi. Lakin Azərbaycanda deputatların geyimi ilə bağlı hər hansı norma müəyyən edilməyib”.C.Qənizadə Milli Məclisdə geyimlə bağlı normaların qanuniləşdirilməsi əleyhdarıdır. Eyni zamanda o, dövlət qulluqçuları üçün  ümumi geyim normalarının müəyyənləşməsinə də qarşı çıxır. Deputat, YAP icra katibinin müavini Səyavuş Novruzov da dövlət adamlarının kostyumlu görünüşünə etiraz etməsə də, mütləq şəkildə qalstuk taxmasına ehtiyac görmür.“Bu, siyasətçi üçün normal deyil. Buna ehtiyac yoxdur. Yəni bu insan zövqü ilə bağlı olan məsələdir. Doğrudur, bəzi ölkələrdə müəyyən normalar müəyyənləşib. Məsələn, Gürcüstanda səfirlər üçün müəyyən tədbirlərdə, bayramlarda geyinmək üçün milli forma hazırlanıb. Amma ümumən Azərbaycanda “rəsmi geyim” məsələsi yalnız tövsiyə xarakterində ola bilər”. ANN.Az

Tərəfdaşların xəbərləri

Xəbər lenti