Masallıda daha bir səyyar görüş keçirilib (FOTO)

Masallıda daha bir səyyar görüş keçirilib (FOTO)
Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu avqustun 14-də Türkoba kəndində keçirilib. 

Ann.az xəbər verir ki, görüş-qəbulda 100-ə yaxın kənd sakini iştirak edib. İcra Hakimiyyətindən verilən məlumata görə, icra başçısı Rafil Hüseynov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən, Prezidentin tapşırığına əsasən, Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat verib. 

Sonra rayon İcra Hakimiyyətinin başçısı sakinləri dinləyib, onları narahat edən məsələlər barədə məlumat  alıb, təklifləri dəyərləndirib. 

Ərazi sakinlərindən Səyyad Quliyev, Ülviyyə Səfərova, Natiqə Rzayeva, Fərahim Əliyev, İsaq Fəttayev, Bahadır Əsgərov, Dadaş Seyidov, Vüqar İbrahimov, Mirqiyas Rzayev, Pərvaz Məmmədov və başqaları kənd məktəbinin təmiri, sosial yardım verilməsi və s. məsələləri gündəmə gətiriblər. Çıxış edənlər həmçinin sosial-iqtisadi sahədəki uğurlara, kənd yollarının asfaltlaşdırılması, fasiləsiz qaz və işığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq ediblər. 

Səyyar görüş-qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak edib. İcra başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib. Əksər məsələlər yerində həll olunub, digərləri nəzarətə götürülüb. 
 




www.ann.az

Xəbər lenti