Lizinq bazarının liberallaşdırılması aqrar sahənin inkişafına necə təsir edir? (RƏYLƏR)

Lizinq bazarının liberallaşdırılması aqrar sahənin inkişafına necə təsir edir? (RƏYLƏR)
Bu ilin yanvar ayından etibarən Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı üzrə yeni qaydaların tətbiqinə başlanılıb. Belə ki, artıq fermerlər müvafiq texnikanı təkcə "Aqrolizinq”dən deyil, 40% güzəşt və 5 il faizsız kredit tətbiq edilməklə istədikləri şirkətdən ala bilirlər. Bunun üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə regional struktur və regional əhatə dairəsi nəzərə alınmaqla müvəkkil banklar, bank olmayan kredit təşkilatları və lizinq təşkilatlarının seçilməsini həyata keçirmək üçün Müsabiqə Komissiyası yaradılıb. Komissiyanın fəaliyyət istiqamətlərinə regional struktur və regional əhatə dairəsi nəzərə alınmaqla müvəkkil kredit təşkilatlarının seçilməsini təmin etmək və Agentliklə müvəkkil kredit təşkilatları arasında bağlanan müqavilə üzrə kredit xəttinin konkret həcmini (limit üzrə vəsait) müəyyən etmək daxildir. 

"Report” tətbiq edilən yeni qaydaların ölkədə mövcud olan lizinq şirkətlərinin fəaliyyətinə nə kimi təsir göstərdiyini, hansı lizinq şirkətlərinin kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı prosesinə cəlb edildiyini, ölkədəki iri lizinq şirkətlərinin və kənd təsərrüfatı texnikasının birbaşa istifadəçisi olan fermerlərin aqrar lizinq sahəsindəki dəyişikliklərə münasibətini araşdırıb.

Araşdırmamıza birbaşa keçid almazdan öncə bildirmək istəyirik ki, hazırda ölkədə fəaliyyət göstərən lizinq şirkətlərindən "NBC Lizinq” MMC, "MK Lizinq” MMC, "PRİOR Lizinq” MMC və "Günay Lizinq” MMC AKİA-nın müvəkkil kredit təşkilatı olaraq seçiliblər. Bunlardan "Günay Lizinq” şirkətindən verilən məlumata görə şirkət müvəkkil kredit təşkilatı olaraq seçilsə də, sonradan bundan imtina edib. Digər şirkətlərdən "MK Lizinq” MMC, "PRİOR Lizinq” MMC isə yalnız aqrar lizinq fəaliyyəti ilə məşğuldur.



"MK Lizinq” MMC-nin baş direktoru Elvin Yolçuyev "Report”a bildirib ki, rəhbərlik etdiyi müəssisə məhz aqrar təyinatlı fəaliyyət göstərmək məqsədilə yaradılıb:

"Şirkətimiz ötən ilin noyabr ayında məhz kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi məqsədilə yaradılıb. Bu vaxta qədər başqa sahədə lizinq fəaliyyətimiz olmayıb. Müvəkkil kredit təşkilatı kimi fəaliyyət göstərmək icazəsini isə bu il mart ayının sonlarında almışıq. İlk müştərimizə bu il aprelin 1-də lizinq vermişik. Hazırda müştərilərimiz artmaq üzrədir. Buna görə də yeni işçilər işə qəbul edir, ölkənin müxtəlif bölgələrində yeni filiallar açırıq. Hazırda bizim marketinq tədbirlərimizin əsas hədəflərindən biri regionlarda filiallar açıb yerli əhali ilə görüşlər keçirmək, monitorinqlər təşkil etmək və əhalini yeni lizinq modelimiz barədə məlumatlandırmaqdır.

Aqrar təyinatlı yeni lizinq şirkətlərinin yaradılması fermerlər üçün istədikləri texnikanı əldə etmək baxımından geniş imkanlar yaradıb. Artıq maddi vəziyyəti aşağı olan fermer belə istədiyi texnikanı rahatlıqla əldə edə bilir. Müştərilərimiz bizdən tam razıdır. Çünki biz onların işlərini gecikdirmədən, maksimum 1 həftə ərzində həll edirik. Ümumiyyətlə hazırda aqrar sektorda işlər pozitiv məcrada davam edir”.

Elə Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının sədri Elçin Əhmədov da ölkədə aqrar lizinq fəaliyyətinə cəlb edilmək üçün yeni lizinq şirkətlərinin yaradıldığını qeyd edib: "Aqrar lizinq sahəsində yeni tətbiqin həyata keçirilməsinə hələ bir neçə aydır başlanılıb. Yəqin ki, bununla yaxın gələcəkdə lizinq şirkətlərinin ümumi borc portfeli artacaq, ölkənin ümumi lizinq bazarında müsbət tendensiyalar müşahidə olunacaq. Bunun üçün artıq yeni lizinq şirkətləri də yaradılır. Əgər əvvəllər bu sahədə səlahiyyətlər "Aqrolizinq” MMC-də idisə, indi digər özəl şirkətlər üçün də geniş imkanlar təmin ediləcək”.



"ANSAR Leasing” şirkətinin lizinq üzrə baş mütəxəssisi Orxan Rəhimovun açıqlamasına görə isə müvəkkil kredit təşkilatları siyahısına daxil olmaq üçün nazirliyə müraciət edib:

"Biz aqrar lizinqlə bağlı maliyyənin ayrılması barədə Kənd Təsərrüfatı Nazirliyinə müraciət etmişik. Əgər maliyyələşmə olsa bizim şirkət də bundan maksimum şəkildə faydalanar və müsbət nəticələr əldə edərik. Onsuz da Azərbaycanda lizinq şirkətləri o qədər də geniş resurslara sahib deyil. Buna görə də dövlət tərəfindən maliyyələşmənin təmin edilməsi yaxşı olardı.

Bu addım ilk növbədə lizinq şirkətləri tərəfindən maliyyə vəsatilərinə nəzarəti gücləndirəcək. Çünki hər bir təşkilatın nazirlik qarşısında öhdəliyi olacaq. Daha yüksək gəlirlə işləməyi hədəfləyən lizinq şirkəti öz məsuliyyətini artıracaq, lizinq alanların müsbət reputasiyasına da daha çox fikir verəcək. Digər tərəfdən borc portfelinin bölüşdürülməsi gücləndiriləcək və lizinq şirkətlərinin ümumi borc portfelində məbləğ qənaətbəxş olacaq.

Biz əvvəlki dövrlərdə kənd təsərrüfatı lizinqinə vəsait ayırmırdıq. Çünki bu sahədə "Aqrolizinq”lə rəqabət apara bilmirdik. Amma indi, digər lizinq şirkətləri üçün də şərait yaradılıb ki, bu bazara girə bilsinlər.

Azərbaycanda kənd təsərrüfatı texnikaları satan müəyyən qurumlar var. Lizinq şirkətləri Kənd Təsərrüfatı Nazirliyindən cəlb etdikləri müəyyən məbləğdə vəsaitin üzərinə standart marjanı, yəni xidmət haqqlarını qoyub müştəriyə təklif edəcəklər”.

"MCB Leasing” şirkətinin Əməliyyat şöbəsinin müdiri Rövşən Hacıyev də Kənd Təsərrüfatı Nazirliyindən cavab gözlədiyini bildirdi: "Biz lizinq şirkəti olaraq 2010-cu ildən fəaliyyət göstəririk. Fəaliyyət müddətimiz ərzində adətən biznes təyinatlı lizinq xidməti göstərsək də, müəyyən vaxtlarda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müştərilərimizə də öz vəsaitimiz hesabına lizinq vermişik. Burada isə dövlət tərəfindən verilən subsidiyalaşmış kreditdən söhbət gedir. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin yaratdığı Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə üzrə Müsabiqə Komissiyasına üzv olan müvəkkil kredit təşkilatına illik 2%-lə kredit verilir, müvəkkil kredit təşkilatı da onun üzərinə 5% marja gələrək illik 7%-lə müştəriyə təqdim edir. Artıq bir neçə aydır ki, bu qayda tətbiq edilir. 



Biz də həmin komissiyaya üzv olmaq üçün müraciət etmişik. Mənim bildiyimə görə bir neçə lizinq şirkətləri var ki, artıq o komissiyaya üzv olublar. Hazırda Kənd Təsərrüfatı Nazirliyindən cavab gözləyirik ki, bizi də komissiyaya üzv edib maliyyə ayırsınlar ki, qeyd edilən şərtlərlə lizinq verə bilər. İndiki halda bunu öz vəsaitimiz hesabına etməyə gücümüz çatmır. Sözügedən üzvlük və geniş şəkildə aqrar lizinqlərin verilməsi yəqin ki, müştərilərimizin sayının artmasına, ümumi borc portfelimizdəki məbləğin yüksəlməsinə müsbət təsir göstərər”.

Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə konsultantı Afət Yaqubova "Report"a bildirib: "Müvəkkil kredit təşkilatlarının seçilməsi üçün yaradılan Komissiyaya mütəmadi müraciətlər olur. Müraciət edən şirkətlər bizə öz sənədlərini göndərirlər, həmin sənədlərin əsasında onların qiymətləndirilməsi və seçilməsi həyata keçirilir. Bəzi təşkilatlar bizim tələblərimizə cavab vermədiyi üçün komissiya tərəfindən onlara rəy bildirilməsi gecikdirilir. Bəzən liziq şirkətləri bizdən götürdükləri vəsaiti kənar sahələrə yönəltməyə cəhd edirlər ki, onların müvəkkil təşkilat olaraq seçilməmələrinin əsas səbəbi də budur. Əslində isə banklar və digər təşkilatlarla müqayisədə lizinq şirkətləri ilə işləmək bizim üçün daha əlverişlidir”.

"Report”un Mil-Muğan bürosu İmişli rayonunda pambıqçılıqla məşğul olan fermerlərin aqrar sahədə lizinq fəaliyətində həyata keçirilən yeni dəyişikliklərə münasibətini öyrənib. Fermerlər dövlətin dəstəyi nəticəsində bütün növ kənd təsərrüfatı texnikalarından vaxtlı-vaxtında və güzəştli şərtlərlə yararlandıqlarını, bunun da sayəsində onların pambıq əkiminə maraqlarının artdığını bildirib.

"İmişli MKT İstehsalat Kommersiya” MMC-nin pambıq istehsalatı şöbəsinin rəisi Dədəkişiyev Rafiq qeyd edib ki, əvvəllər fermerlər texnika əldə etmək üçü başqa rayonlara getməyə məcbur olurdular: "İndi isə kənd təsərrüfatı texnikalarını bir çox şirkətlərdən almaq mümkün olduğu üçün fermerlərin işi xeyli asanlaşıb. Həmin şirkətlərdən texnikanı həm güzəştli icarə, həm də birdəfəlik ödəmə yolu ilə əldə etmək mümkündür. Fermerlərə texnika aprel ayında verilir, pulu isə sentyabr-oktyabr aylarında alınır. Bu da kənd təsərrüfatı ilə məşğul olanlar üçün böyük dəstəkdir”.


www.ann.az

Xəbər lenti