Leyla Abdullayeva: "Paşinyanı anlamaq çox çətindir”

Leyla Abdullayeva:
"Həmişəki kimi, Ermənistan baş naziri Nikol Paşinyanı anlamaq çox çətindir. Əlbəttə, baş nazirin bu fikirlərinin daxili auditoriyaya yönəldiyi heç bir şübhə doğurmur”.

Ann.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan baş nazirinin milli təhlükəsizlik strategiyası üzrə iclasda çıxışında Ermənistanın strateji maraqlarına uyğun olaraq münaqişənin həlli prosesində öz mövqeyini təqdim etməyə nail olması ilə bağlı səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib.

"Maraqlıdır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində heç bir irəliləyişin əldə olunmadığı və beləliklə də gərginliyin hər an artması riskinin mövcud olduğu bir halda N. Paşinyan hansı strategiyadan danışır? Əgər Ermənistanın strateji maraqları münaqişənin həlli prosesinə zərbə vurmaqdırsa, o zaman Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan etməlidir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri başda olmaqla beynəlxalq ictimaiyyət müvafiq nəticə çıxarsın. Ermənistan hökumətinin rəhbərinin nə dediyindən asılı olmayaraq, münaqişənin həlli ilə bağlı BMT TŞ-nin qətnamələrində, digər təşkilatların çoxsaylı qərarlarında, eləcə də Minsk Qrupu həmsədrlərinin bəyanatlarında aydın şəkildə əks olunan mövqe ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalı, azərbaycanlı məcburi köçkünlər isə öz evlərinə geri qayıtmalıdırlar”, - deyə L. Abdullayeva bildirib.

www.ann.az

Xəbər lenti