Lənkəranda III Çay, Çəltik və Sitrus Festivalı başladı (FOTOLAR)

Lənkəranda III Çay, Çəltik və Sitrus Festivalı başladı (FOTOLAR)
Lənkəran şəhərində III Çay, Çəltik və Sitrus festivalı başlayıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən festivalda dövlət və hökumət, həmçinin xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları, mədəniyyət xadimləri, şəhər sakinləri, yerli və xarici turistlər iştirak edirlər.

Festival səhər saatlarında şəhərin Heydər Əliyev xatirə parkından başlayıb.

Azərbaycanın dövlət atributları və Lənkəranın simvolunu əks etdirən fotostendlərlə bəzədilən parkda "Çayımızın dadı var”, "Süfrələrin bəzəyi - Lənkəranın düyüsü”, "Sitrus bağlarının möcüzəsi”, "Gözəlliyi damla-damla topladıq”, "Qonaq evin ruzi-bərəkətini artırar” "Lənkəranın şirnisi-ağız dadımız”, "Cənnət görmək istəyən Lənkərana gəlsin” və digər pavilyonlar quraşdırılıb.

Bəzəkli vitrinlərdə Lənkəranda istehsal olunan çay, çəltik, sitrus, digər növ ərzaq və sənaye məhsulları, xalq sənətkarlığı nümunələri nümayiş etdirilir, yerli müəssisələr, fermerlər, turizm obyektləri tərəfindən iştirakçılar üçün təbii çay və müxtəlif şirniyyatlardan, çərəzlərdən ibarət çay dəstgahı təşkil olunub.

Bundan başqa festival iştirakçılarına rayonun ən bacarıqlı və təcrübəli aşpazlarının yüksək keyfiyyətli yerli düyü sortları olan "Haşimi”, "Sədri”, "Appolla” "Campo” və s. düyülərindən bişirdikləri 50 növdən çox plov, eyni zamanda Lənkəran mətbəxinin məşhur ləvəngisindən hazırlanmış xörəklər və müxtəlif çeşidli kabablar təqdim olunur.

Festivalda bədii özfəaliyyət kollektivləri ədəbi-bədii kompozisiyalarla çıxış edir, gənclərin və idmançıların iştirakı ilə intellektual-əyləncəli proqramlar nümayiş etdirilir. 
 












www.ann.az

Xəbər lenti