Lənkəranda “Dolu”

Lənkəranda “Dolu”

Lənkəranda yazıçı-publisist Aqil Abbasın "Dolu” romanının motivləri əsasında çəkilmiş eyni adlı bədii filmin təqdimat mərasimi keçirilib.Heydər Əliyev Mərkəzində keçirilən mərasimi giriş sözü ilə açan  romanın və filmin ssenari müəllifi Aqil Abbas  ilk növbədə Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırıb. Filmdəki hadisələr 1991-ci ildə Qarabağda cərəyan edir. Həmin dövrdə orduda hökm sürən hərc-mərclik, eləcə də könüllülərdən ibarət dəstələrin qəhrəmanlığı və şücaəti filmdə öz əksini tapıb. A. Abbas bildirib ki, həm romanda, həm də filmdə Lənkərandan başqa heç bir rayonun adı çəkilmir. Filmin əvvəlində döyüş səhnələri göstərilən hissədə "Lənkərandan 25 nəfər könüllü cəbhəyə köməyə gəlmişdir” sözləri səsləndirilir. Müəllifin sözlərinə görə, romanda və filmdə cərəyan edən hadisələr onun şəxsi müşahidələri əsasında qələmə alınıb. Lənkərandan olan 15 yaşlı gənc valideynlərindən xəbərsiz könüllü olaraq Qarabağa gedir və qəhrəmancasına şəhid olur. Atası cəbhə bölgəsinə yollanır və oğlunun meyitini ona verirlər. Ata isə oğlunu şəhid olduğu yerdəcə dəfn etdikdən sonra övladının avtomatını götürərək döyüşə gedir və oğlunun savaş yolunu davam etdirir. Müəllif məhz bu hadisədən təsirlənərək romanda və filmdə yalnız Lənkəranın adını çəkib. Tədbirdə filmin yaradıcı heyəti səhnəyə dəvət olunub və müəllif onları tamaşaçılara təqdim edib. Daha sonra film nümayiş etdirilib. Qeyd edək ki, filmin quruluşçu rejissoru Elxan Cəfərovdur. Baş rolu Məmməd Səfa ifa edir. "Drakon” rolunda Rza Rzayev, "Pələng” rolunda Elvin Əhmədov, "Katib” rolunda isə xalq artisti Fuad Poladov çəkiliblər.ANN.Az 

Xəbər lenti