Koronavirus bizneslərin inkişafına necə təsir edəcək? (RƏY)

Koronavirus bizneslərin inkişafına necə təsir edəcək? (RƏY)
COVİD-19 pandemiyasının yayılmasından sonra dünyanın Ümumi Daxili Məhsulunun (ÜDM) əksəriyyətinin formalaşdığı ölkələrdə insanlar karantin altında qalmağa məcburdurlar. Bu da onların ənənəvi, eləcə də biznes fəaliyyətlərini davam etdirməyə imkan vermir. Hazırda ölkəmiz və dünya biznesə və turizmə böyük zərbə vuran koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlər dövrünü yaşayır.

Bəs pandemiya yeni hansı növ bizneslərin yaranmasına və ya inkişafına təsir edə bilər? Bizneslər bu dövrdən sonrasına necə hazırlaşmalır?

ALT qrupun təsisçisi və CEO-su Rəşad Mirzəyev "MediaPost”a açıqlamasında bildirib ki, koronavirus pandemiyası və əhalinin ictimai yerlərdən təcridi bir çox sahələrə təsir edir:

"Bu sahələrdən biri də fitnesdir. Fitnes sahəsi son 20 ildir ki, davamlı olaraq inkişafdadır və bu trend digər alt trendlərin də inkişafına təsir edib. Yeni idman, yarış növləri, yeni idman avadanlıqları və idman zalı konseptləri yaranıb. Pandemiya zamanı Netflix, Zoom, Slack kimi şirkətlərin səhmləri bahalaşdı və eyni zamanda qlobal səviyyədə çatdırılma şirkətlərinin də aktivliyi müşahidə olunur.

Söhbət sırf fitnesdən gedirsə, bu trendlərin yaranma nöqtəsi daim ABŞ olub. Buna görə də orada fəaliyyətinə başlayan iki şirkət və onların çox sürətli inkişaf potensialından danışmaq istəyirəm. Peloton şirkəti kardionun ev şəraitində edilməsini stimullaşdıran platformadır və özünün yaratdığı xüsusi velosiped, qaçış avadanlıqları var. Xüsusi abunəliklər satmaqla onlar artıq 1.5 milyon istifadəçini öz platformalarına cəlb etməyi bacarıblar. Həmin istifadəçilər istədikləri avadanlıqlarla Pelotonun təşkil etdiyi canlı və ya oflayn dərslərə qoşula bilərlər. Təbii ki, öz istehsal etdikləri toxunma ekran avadanlıqları müştərilərin işini daha da asanlaşdırır.

Peloton Nyu-York ştatında yaradılıb və aylıq ödənişlər üzərində qurulan biznes modeli ilə təkcə 2019-cu ildə gəlirləri 900 milyon dolları ötüb.
 

Rəşad Mirzəyev

Zənnimcə, ev və açıq havada fitnes ilə məşğul olmaq imkanı yaradan Peloton və Soul Cycle kimi şirkətlərə tələbat orqanik olaraq artsa da, bu pandemiya dövründə daha da sürətlə artacaq.

Garmin şirkəti isə fitnes və trekinq funksiyası daşıyan saat istehsalçısıdır. Bu şirkət 1989-cu ildə Kansas şəhərində yaranıb.

Hazırda yaşadığımız pandemiya, statistik olaraq trenddə olan fitnes və çöl trekinqini daha da yüksəyə qaldıracaq. Məsələn, Garmin özünü təcrid dövründə sosial şəbəkələrdə paylaşılacaq idman nəticələrini trek edən ən yaxşı vasitələrdən biridir”.

Rəşad Mirzəyev bir çox ölkələrdə sərhədlərin bağlanmasının və karantin rejiminin bizneslər üçün böyük fəsadlar törədəcəyini qeyd edib:

"Bizneslər bu dövrdə optimallaşmanı və daha proqmatik addımlar atmağı öyrənəcək. Eyni zamanda bir çox sənayelər təhsil və "coaching” texnologiyalarına daha da sürətli keçid etdikdən sonra, növbəti mərhələlərdə həmin keçid sürəti artacaq. Bu sahədə olan bizneslər bunu anlamalı və buna hazır olmalıdır.

Bir çox şirkət artıq əməkdaşlarını evdən çalışmağa sövq edərkən başa düşməlidir ki, pandemiya dövrü bitdikdən sonra da bu praktikanın mütəmadi hala çevrilməsi komandalar tərəfindən istənilə bilər. Bizneslər pandemiyanın uzanmasından panikaya qapılıb ixtisarlara başlamaq əvəzinə anlayışlı olsunlar. Çünki bu tip hallarda empatiya qurmaq daha önəmlidir. Bu çox unikal hadisədir və dünya əhalisi artdıqca belə halların təkrarlanacağına əminəm”.

Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib ki, COVİD-19 pandemiyası praktik olaraq bütün biznes sahələrinə mənfi təsir göstərir.

"Koronavirusun yayılması yalnız xidmət, ictimai iaşə və ya turizmdə deyil, digər sektorlara da istehsala birbaşa təsir göstərir. Artıq inkişaf etmiş ölkələrdə bəzi istehsal sahələrinin dayanmasını müşahidə edirik. Bu baxımdan təəssüf ki, koronavirus qlobal olaraq bütün biznes sahələri üçün neqativ təsirlərə malikdir.

Bəzi istehsal məhsullarına isə tələb artmaqdadır. Məsələn, tibbi maskalara və ya spirt məhsullarına tələbin artması müşahidə olunur. Amma bu heç də koronavirusun bötüvlükdə iqtisadiyyata müsbət təsirləri anlamına gəlmir. Pandemiyanın real sektora təsirləri neqativdir.


Vüqar Bayramov

Vüqar Bayramov bütün dünya üzrə real sektorda durğunluğun müşahidə olunduğunu vurğulayıb:

"Qlobal iqtisadi artım tempində azalmalar baş verir. Hətta inkişaf etmiş ölkələrin iqtisadiyyatında belə azalma tempi müşahidə edirik. Təbii ki, indiki məqamda vəsaitlərin sərmayə edilməsi ilə bağlı imkanlar xeyli məhduddur. Çünki koronavirusun hansı müddətdə aktiv olacağı və coğrafiyasının necə genişlənəcəyini proqnozlaşdırmaq çətindir.

Amma bəzi bazarlar var ki, onlara investisiyanın yatırılması mümkündür. Bu gün investorlar ən çox qızıl və valyuta bazarına öz vəsaitlərini yönəldirlər. Bildiyiniz kimi, qızıl qiymətində artımlar var. Eyni zamanda, valyuta bazarında ABŞ dolllarına qlobal olaraq tələbin artması müşahidə olunur. FED-in uçot dərəcələrini aşağı salmasına baxmayaraq, ABŞ dolları aparıcı valyuta kimi möhkəmləndi. Bu isə ondan xəbər verir ki, investorların bir qismi öz vəsaitlərini avroda yox, ABŞ dollarında saxlamaqda yenə də maraqlıdır. İndiki halda qızıl və valyuta bazarı investisiya baxımından daha cəlbedici hesab olunur".


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti