“Kanada Azərbaycanlılar Şəbəkəsi” Kanada parlamentində çıxış etdi

“Kanada Azərbaycanlılar Şəbəkəsi” Kanada parlamentində çıxış etdi
Mayın 11-də Kanada parlamentində Kanada-Azərbaycan Parlament Dostluq Qrupunun iclası keçirilib.

Ann.az xəbər verir ki, iclasda Kanada ilə Azərbaycan arasında əlaqələrin hazırkı vəziyyəti və bu əlaqələrin daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb. Dostluq Qrupunun sədri, mühafizəkarlar partiyasında olan deputat Filip Lourensin sədrliyi ilə təşkil edilən iclasda Kanada Azərbaycanlıları Şəbəkəsinin (KAŞ) üzvləri də iştirak edib.

KAŞ-ın İcraçı direktoru Nigar Cəbiyeva Kanadadakı Azərbaycan icmasının fəaliyyəti, icmanın Kanada siyasətçiləri və parlament üzvləri ilə müntəzəm görüşləri, eləcə də Kanadada Azərbaycan mədəniyyətinin və dilinin təbliğ edilməsi istiqamətində icma üzvlərinin apardığı işlər barədə məlumat verib.

Daha sonra 2020-ci ilin Vətən Müharibəsindən sonra Azərbaycanda və Cənubi Qafqazdakı vəziyyət, işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan quruculuq işləri barədə danışılıb. Qeyd edilib ki, Qarabağda vaxtilə azərbaycanlıların yaşadlığı bütün yaşayış məntəqələri tamamilə dağıdıldığından və bölgədə çoxlu sayda partlamamış sursatların və minaların olması səbəbindən öz torpaqlarından məhrum olmuş 800 minədək Azərbaycan vətəndaşı hələ də öz yurdlarına qayıda bilmir. KAŞ tərəfindən hazırlanmış, işğaldan azad edilmiş ərazilərdə dağıntıları əks etdirən fotoalbom Dostluq Qrupunun üzvlərinə təqdim edilib.

Dostluq Qrupunun sədri Filip Lourens Kanada Azərbaycanlılar Şəbəkəsinə gördükləri aktiv və səmərəli fəaliyyətə görə təşəkkür etmiş və Azərbaycan ilə Kanada arasında münasibətlərin inkişaf etdirilməsi üçün birgə çalışmaq əzmində olduğunu bildirib.

Kanadalı Azərbaycanlılar Şəbəkəsi Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə bir sıra icma təşkilatları və fərdlər tərəfindən yaradılmışdır. KAŞ tam olaraq Kanadanın azərbaycanlı icmasının dəstəyi ilə fəaliyyət göstərir.


www.ann.az

Tərəfdaşların xəbərləri

Xəbər lenti